AZ

Ortaq mədəni irsin öyrənilməsi və təbliği yalnız keçmişə yönəlməli deyil - ERGÜN ENGİN

“Müasir dövrdə mədəniyyətlərarası münasibətlərə yanaşmada tez-tez fərqliliklərin uzlaşdırılması ideyası ön plana çəkilir. Lakin bu yanaşma hər zaman reallığı tam əks etdirmir. Əslində, bir çox hallarda əsas məqsəd müxtəlifliyi süni şəkildə birləşdirmək deyil, artıq mövcud olan ortaq mədəni dəyərləri yenidən üzə çıxarmaq və onları şüurlu şəkildə dərk etməkdən ibarətdir”.
SİA xəbər verir ki, bu sözləri EDAM İdarə Heyətinin sədri Ergün Engin çıxışında deyib.
Onun sözlərinə görə, bu baxımdan, ortaq mədəni irsin öyrənilməsi və təbliği yalnız keçmişə yönəlmiş nostalji deyil, həm də kollektiv yaddaşın bərpası prosesidir:

“Sosial-mədəni yaddaşın xüsusiyyətlərindən biri də onun nəsillərarası ötürülmə prosesində qismən itkilərə məruz qalmasıdır. Bəzi elementlər bir nəsil tərəfindən qorunub saxlanılsa da, digər nəsildə zəifləyə və ya tamamilə unudula bilər. Məhz bu səbəbdən, müəyyən dövrlərdə bu yaddaşın yenidən aktivləşdirilməsi zərurəti yaranır. Bu proses fərdi xatirələr, ədəbi nümunələr və ya simvolik hadisələr vasitəsilə baş verə bilər.

Bu kontekstdə Bahtiyar Vahabzadənin xatirəsi diqqətəlayiq nümunə kimi çıxış edir. Onun İstanbulda olarkən səhər azanını eşitməsi ilə yaddaşının yenidən canlanması faktı mədəni və dini simvolların kollektiv şüurdakı dərin izlərini göstərir. Şairin bu təsir altında dərhal poetik ifadəyə müraciət etməsi isə mədəni yaddaşın bədii təzahür forması kimi qiymətləndirilə bilər.

Beləliklə, ortaq mədəni dəyərlərin yenidən xatırlanması prosesi təkcə keçmişin bərpası deyil, həm də müasir dövrdə kimlik və mənsubiyyət hissinin möhkəmləndirilməsinə xidmət edir. Bu baxımdan keçirilən görüşlər, təqdimatlar və elmi müzakirələr həm gənc nəslin maarifləndirilməsi, həm də mədəni irsin davamlılığının təmin olunması üçün mühüm platforma rolunu oynayır”.

Müəllif: Günay Hacıyeva
Seçilən
12
sia.az

1Mənbələr