AZ

“30 illik bu yol Tənzilə xanımın böyük fədakarlığıdır” Bahar Muradova VİDEO

Bakupost saytına istinadən ain.az xəbər verir.

Mayın 3-də Nizami Kino Mərkəzində Azəri-Türk Qadınlar Birliyinin 30 illik yubileyi və Türkçülük Günü qeyd olunub. Anşlaqla keçən tədbirdə komitə sədrləri, millət vəkilləri, hökumət və qeyri-hökumət nümayəndələri iştirak edib.

Həmin tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova geniş çıxış edib.

Bakupost.az həmin çıxışı təqdim edir:

“Azərbaycanın inkişafının çox əhəmiyyətli bir dönəmində – 30 il əvvəl yaranmış bir təşkilatın yubileyində iştirak etməkdən qürur duyuram. Gəlin bir 30 il əvvələ qayıdaq.

Azərbaycanda 1996-cı il.

Əlbəttə ki, SSRİ-nin dağılması, müstəqil ölkələrin yaranması dönəmində Azərbaycan öz sözünü dedi, müstəqilliyini bərpa etdi və öz milli kimliyinə, milli dəyərlərinə qayıdış üçün vacib olan ilkin addımı atdı. Həm də Azərbaycan xalqının, türk dünyasının bir parçası olaraq müstəqil dövlət yaratmaq arzusu reallaşdı.

Əlbəttə ki, müstəqilliyimizin ilk illəri çox ağır, keşməkeşli keçdi. Onları burada vurğulamaq istəmirəm. Sadəcə, bu qarışıq dönəmdə hamının gözü önündə bir ümid vardı. Azərbaycanı düşdüyü durumdan, daxili qeyri-sabitlikdən, eyni zamanda xaricdən olan təcavüzün qarşısını almaq üçün yalnız bir şəxsiyyət – Heydər Əliyev hakimiyyətə gəlməli idi və ümid ona idi. Ümid də doğruldu. Heydər Əliyev qayıtdı və Azərbaycan nəinki özünə qayıtdı, həm də türk dünyasının bir parçası olduğunu daha ucadan hayqırmağa başladı.

Hələ mən xatırlayıram, 1992-ci ildə Heydər Əliyevin Naxçıvanda rəhbərliyi zamanı Türkiyə ilə qurulan əlaqələr, Araz çayı üzərindən atılan addımlar Naxçıvanı ağır durumdan çıxarmaq baxımından son dərəcə vacib idi. Ermənistanın təcavüz niyyətlərinin qarşısı alındı və Azərbaycanla türk dünyasının əlaqəsi məhz Heydər Əliyevin zamanında rəsmi xarakter aldı. Bunun nəticələrini biz bu gün də yaşayırıq.

O zamandan etibarən Azərbaycanda ictimai-siyasi hərəkat genişlənmişdi. Müxtəlif səpgili partiyalar, onların yanında qurulan birliklər, qeyri-hökumət təşkilatları və müxtəlif istiqamətli qurumlar vardı. Mən də Yeni Azərbaycan Partiyasının üzvü kimi bu prosesə ciddi şəkildə qatılmışdım. Xatırlayıram ki, həmin dönəmdə çox adamlar təşkilat qurdu, siyasi partiya elan etdi, amma elə bir papkaları, bir özləri oldu, tarix də onları yaddaşında saxlamadı.

Bu təşkilatların içərisində, əlbəttə ki, həqiqi mənada sidq-ürəkdən Azərbaycana və onun maraqlarına, xüsusilə müstəqil dövlət quruculuğu prosesinə qadınların daha fəal qatılmasına yönələn çox az sayda təşkilatlar oldu.

Tənzilə Rüstəmxanlı bu təşkilatı yaradanda Azərbaycanda qadınların rəhbərlik etdiyi, belə böyük hədəflər qoyan başqa təşkilat var didimi?

Bu gün burada səslənən fikirlər, filmdə göstərilənlər və onun illər ərzində fəaliyyəti göstərir ki, o, bu yolda böyük inamlar, sədaqətlə çalışıb.

Onu tanıyanlar da onun istər Azərbaycanda, istərsə də türk dünyasının müxtəlif ölkələrində gördüyü işləri unutmayıblar. Bu gün 30 ildən sonra həmin addımın nə qədər doğru olduğu bir daha təsdiqlənir və Azərbaycan qadınının gücü, dəyanəti və sədaqəti ortaya qoyulur.

Həmçinin qeyd olunmalıdır ki, Sabir Rüstəmxanlının dəstəyi bu fəaliyyətin davamlılığında mühüm rol oynayıb. Qoşa qanad kimi – qadın və kişi birlikdə Azərbaycanın bu günə gəlib çatmasına töhfə veriblər.

Və bir daha vurğulamaq istəyirəm ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından və Yeni Azərbaycan Partiyasının iqtidara gəlməsindən sonra Azərbaycanda dövlət maraqlarına xidmət edən təşkilatlarla əməkdaşlıq genişləndi. Onlara dəstək verildi və bu prosesin əhəmiyyəti müxtəlif kürsülərdən səsləndirildi.

Çünki bu ideyalar ilk növbədə ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüşdü. O, bütün tribunalardan Azərbaycan qadınlarını dövlət quruculuğunda fəal iştirak etməyə və türk dünyasının qarşısında dayanan məqsədlərin həyata keçirilməsinə qoşulmağa çağırırdı.

Bu gün həmin siyasət öz bəhrəsini verir və Azərbaycan türk dünyasının mühüm mərkəzlərindən birinə çevrilib.

Şimal-cənub və şərq-qərb dəhlizlərinin üzərində yerləşən Azərbaycan artıq təkcə öz maraqlarını deyil, bütövlükdə regionun və türk dünyasının maraqlarını təmin edən əsas iştirakçılardan birinə çevrilir.

30 ilin zirvəsindən geriyə baxanda keçilən yolun nə qədər çətin olduğu daha aydın görünür. Bu yolda Tənzilə xanımın fədakarlığı xüsusi qeyd olunmalıdır. O, bütün çətinliklərə baxmayaraq yolundan dönməyib və fəaliyyətini davam etdirib.

Bu gün Azərbaycan qadını, türk qadını tarix boyu olduğu kimi Vətən uğrunda fədakarlıq göstərib. Oğullarını, həyat yoldaşlarını bu yolda qurban verib və tarix bunun şahididir.

Bu gün ölkəmizin Prezidenti və Birinci xanım türk dünyasını birləşdirən liderlər kimi qəbul olunur.

Bu yolu davam etdirmək isə hər birimiz üçün həm şərəf, həm də borcdur – Vətən qarşısında, xalq qarşısında, türk dünyası qarşısında.

Azərbaycan multikultural dəyərlərə sadiqdir və burada müxtəlif xalqların birgə yaşaması təmin olunur.

Bu gün dünya bilməlidir ki, türk dünyası yalnız türklər üçün deyil, bu dəyərlərə hörmət edən bütün xalqlar üçün açıq bir məkandır.

Fəxr edirəm ki, belə bir ölkənin vətəndaşıyam. Fəxr edirəm ki, 30 il türk dünyası uğrunda mübarizə aparan insanlar bu gün də bu ideyaları yaşadır və gələcək nəsillərə ötürür.

Bu hədəflər uğrunda çalışan hər kəsə təşəkkür edirəm”.

Çıxışın video variantını təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
www.bakupost.az

1Mənbələr