AZ

Bakıda bu bazarlarda saxta kürü məhsulları satılırmış

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi saxta kürü məhsullarının dövriyyəsi ilə bağlı 10 ərzaq bazarı, 8 ticarət obyekti, 14 idxalçı anbarı və 61 ictimai iaşə müəssisəsinə baxış keçirib.

Far.Az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Belə ki, yoxlamalar zamanı "Keşlə Bazarı", "Özbək Bazarı", "Sahil Bazarı" və "Yaşıl Bazar"da nöqsanlar aşkar edilib. Bu obyektlərdə etiketsiz, müşayiətedici sənədləri olmayan, yararlılıq müddəti bitmiş məhsulların, həmçinin "Keşlə Bazarı"nda təbii farel kürüsü adı ilə süni kürü satıldığı, "Özbək Bazarı"nda isə süni kürülərin etiketsiz qablaşdırmada satışa çıxarıldığı müəyyən edilib.

Bundan əlavə, 2 ticarət obyektində də pozuntular – etiketsiz, müşayiətedici sənədləri olmayan və yararlılıq müddəti bitmiş məhsullar aşkarlanıb. Götürülən nümunələrin müayinəsi nəticəsində 1 kürü məhsulunda bakteriya (Listeria monocytogenes) aşkar edilib.

Yoxlamalar zamanı 1 idxalçının anbarında məhsulların laborator nəticələri və sağlamlıq aktı olmadan satışa çıxarıldığı müəyyən edilib. Həmçinin süni kürü istehsalı ilə məşğul olan obyektlərdən 1-nin qeydiyyatsız fəaliyyət göstərdiyi məlum olub.

Ümumilikdə 15.325 kq qırmızı kürü və 800 qr qara kürünün etiketsiz olduğu və müşayiətedici sənədlərinin olmadığı, 678 qr qırmızı və 1.243 kq qara kürünün isə yararlılıq müddətinin bitdiyi aşkarlanıb.

Sınaq nəticəsi uyğunsuz olan və yararlılıq müddəti bitmiş bütün məhsullar satışdan çıxarılıb və məhv edilib.

Seçilən
17
14
far.az

10Mənbələr