ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müasir ticarətdə məhsulun satılması təkcə keyfiyyət və ya ehtiyacla müəyyən olunmur.
Alıcının qərarına təsir edən əsas amillərdən biri də qiymətin necə təqdim edilməsidir. Buna görə supermarketlər qiymətləri sadəcə iqtisadi göstərici kimi deyil, marketinq aləti kimi formalaşdırır.
“Cebheinfo.az” - ın araşdırmasına əsasən, marketlərdə istifadə edilən bu yanaşma “qiymət psixologiyası” və ya “qiymət manipulyasiyası” kimi tanınır və beynəlxalq pərakəndə ticarətdə geniş istifadə olunur.
Marketlərdə rəflərə baxanda ən çox 9.99, 4.95, 2.99 kimi qiymətlər görmək olur. 10 manat yerinə 9.99 yazılması heç də təsadüfi deyil.
Çünki insan beyni qiyməti oxuyanda tam dəqiqliklə yox, daha çox ilk rəqəmə reaksiya verir. 9 rəqəmi isə 10-dan kiçik kimi qəbul olunur. Bu isə alış qərarında kiçik, amma vacib bir dəyişiklik yaradır.
Alıcı məhsula baxanda bahadır yox, uyğundur hissi keçirir. Çox vaxt müqayisə aparmadan məhsulu səbətə atır. Əslində fərq çox cüzidir.
Amma supermarketdə alış-veriş tez şəkildə baş verir. İnsan eyni anda həm siyahını düşünür, həm rəflərə baxır, həm də qiymətləri müqayisə etməyə çalışır. Bu qarışıqlıq içində beynin “sadə qərar” vermə mexanizmi işə düşür.
Buna görə də 4, 97, 9.99 kimi qiymətlər daha effektiv olur. Bu rəqəm insanın beynində “endirimli”, “əlverişli” kimi siqnallar yaradır. Marketlər də bunu nəzərə alaraq qiymətləri bilərəkdən bu formada qurur.
Lakin supermarketlərin istifadə etdiyi psixoloji üsullar yalnız qiymətlə məhdudlaşmır.
Məhsulların rəflərdə yerləşdirilməsi də alıcının seçimlərinə təsir edən vacib amildir. Belə ki, göz səviyyəsində yerləşdirilən məhsullar daha çox diqqət çəkir və daha tez satılır, aşağı və ya yuxarı rəflərdə olan məhsullar isə nisbətən az seçilir.
Supermarketlərdə həm qiymətlər, həm də məhsulların rəflərdə yerləşdirilməsi alıcının seçiminə təsir etmək üçün planlı şəkildə hazırlanır. Yəni marketdə gördüyümüz rəqəmlər və düzülüşlər sadəcə təsadüfi deyil, alış qərarımıza təsir göstərmək üçün düşünülmüş üsullardır.
Gülər Həsənli
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.