AZ

Raketlər niyə düz yuxarı yox, əyri xətt üzrə uçur?

Kosmosa buraxılış zamanı raketlər əvvəlcə şaquli şəkildə qalxır, lakin bir müddətdən sonra bu vəziyyətdə qalmır. Hündürlük artdıqca raketlər əyilməyə başlayır və demək olar ki, Yer səthinə paralel hərəkət edir.

HİT.az xəbər verir ki, BGR nəşri raketlərin niyə düz yuxarı deyil, əyri trayektoriya ilə uçduğunu izah edib. Məlum olur ki, bu, uçuşun vacib mərhələsidir və burada yanacaq sərfiyyatı əsas rol oynayır.

Nəşrin yazdığına görə, raketlər digər uçuş aparatları kimi cazibə qüvvəsi ilə mübarizə aparır. İlk qalxış üçün maksimum itələmə (təkan) lazım olduğundan, start şaquli istiqamətdə baş verir.

İlkin mərhələdə çox böyük miqdarda yanacaq sərf olunur. Əgər raket uzun müddət tam şaquli vəziyyətdə qalsa, yanacaq tez tükənər. Buna görə də raketlər trayektoriyanı dəyişərək həm cazibə qüvvəsinə qarşı səmərəli işləməli, həm də orbitə çıxmalıdır.

Raketlər atmosferin ən sıx qatlarını keçdikdən sonra “qravitasiya manevri” adlanan hərəkətə başlayır və istiqaməti dəyişirlər. Bu, cazibə qüvvəsindən istifadə etməyə imkan verir.

Yer cazibə qüvvəsi obyektləri planetin mərkəzinə doğru çəkir. Raketlər müəyyən bucaqla dönərək cazibə qüvvəsindən əlavə sürətlənmə üçün istifadə edə bilir və orbitə çıxmağa yaxınlaşır.

Orbitdə isə kosmik aparatın üfüqi sürəti ilə cazibə qüvvəsi tarazlaşır. Nəticədə cihaz sanki daim Yerə “düşür”, amma heç vaxt səthə çatmır — bu da orbitdə qalma prinsipidir.

Samir
 

Seçilən
17
hit.az

1Mənbələr