AZ

Düşənbədə mühüm beynəlxalq konfrans keçiriləcək

Tacikistan Respublikasının təşəbbüsü ilə irəli sürülmüş “Dayanıqlı inkişaf üçün su” Beynəlxalq Fəaliyyət Onilliyi ölkənin qlobal su gündəliyinin təşviqi istiqamətində ardıcıl səylərinin davamıdır.

Musavat.com xəbər verir ki, bunu Bakıda, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Düşənbə şəhərində “Dayanıqlı İnkişaf üçün Su: 2018-2028” üzrə Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransda Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon bildirib.

Səfir diqqətə çatdırıb ki, bu təşəbbüs 2003-cü ilin “Beynəlxalq şirin su ili” elan olunmasından başlayaraq, “Həyat üçün su” Onilliyi (2005–2015) və “Beynəlxalq su əməkdaşlığı ili” (2013) ilə davam edən bütün mühüm təşəbbüsləri məntiqi şəkildə birləşdirir:

“Tacikistan Respublikasının bütün təşəbbüsləri konsensus əsasında qəbul olunur və Azərbaycan Respublikasının bu təşəbbüsləri dəstəkləyən ölkələr sırasında olması bizim üçün böyük şərəfdir. Keçən müddət ərzində “Dayanıqlı inkişaf üçün su” Onilliyi su ehtiyatlarından səmərəli istifadə, müvafiq ekosistemlərin qorunması və mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığa yeni təkan verib. Əhəmiyyətli nailiyyətlərdən biri Tacikistan və Niderland Krallığının həmsədrliyi ilə 2023-cü ildə Nyu-York şəhərində keçirilmiş BMT-nin Su Konfransıdır. Bu konfransın əsas nəticələrindən biri Su üzrə Fəaliyyət Gündəliyinin formalaşdırılması olub. Bu təşəbbüs çərçivəsində bu günə qədər dövlətlər və digər maraqlı tərəflər tərəfindən suyun qorunması sahəsində 840-dan çox könüllü öhdəlik qeydə alınıb”.

Səfir qeyd edib ki, onilliyin məqsədlərinin həyata keçirilməsinin mühüm mexanizmlərindən biri Tacikistan Respublikasının Hökuməti tərəfindən təşəbbüs edilmiş Düşənbə Su Prosesi olub:

“Bu proses BMT və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində müntəzəm yüksək səviyyəli beynəlxalq konfransların keçirilməsini nəzərdə tutur. Beləliklə, 4-cü Düşənbə Konfransı 2–4 dekabr 2026-cı il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək Qlobal BMT Su Konfransına hazırlığın əsas mərhələsi kimi, eləcə də 2028-ci ildə yenidən Düşənbədə keçiriləcək növbəti konfransla davamlılığın təmin olunmasının vacib elementi kimi qiymətləndirilir”.

Nigar Həsənli
Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr