AZ

Keçmiş nazirin qardaşı ofisində güllələndi

Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğlu ofisində güllələnib. İş adamı yaralanmış halda tapılıb.

VAXT.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Antalyada Aydın Çavuşoğluna məxsus yanacaqdoldurma məntəqəsinin ofisində baş verib. Dünən axşam saatlarında ofisdən silah səsi eşidildiyi bildirilir.

Hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Ağır yaralı vəziyyətdə tapılan Çavuşoğlu ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb və əməliyyata alınıb.

Həkimlərin verdiyi son məlumata görə, reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.

Hadisədən sonra hüquq-mühafizə orqanları ərazidə geniş araşdırma aparıb, ofis və yanacaqdoldurma məntəqəsində kriminalistik baxış keçirilib. İlkin ehtimallar və hadisənin səbəbləri ilə bağlı rəsmi açıqlama verilməsə də, müxtəlif versiyalar üzərində iş aparıldığı qeyd olunur.

Antalya valisi Hulusi Şahin də xəstəxanaya gedərək yaralının vəziyyəti ilə maraqlanıb.

Məlumata görə, hadisə zamanı ölkə xaricində olan Mövlud Çavuşoğlunun Türkiyəyə qayıtması gözlənilir.

Faktla bağlı istintaq davam edir.

Seçilən
7
vaxt.az

1Mənbələr