AZ

Kılıçın Ermənistanı mədhi ETİRAZ doğurdu – Generaldan REAKSİYA

Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın İrəvanda verdiyi açıqlama birmənalı qarşılanmayıb. Diplomat "Sputnik Armenia"nın sualını cavablandırarkən “özümü burada evimdəki kimi hiss edirəm” deyib. Kılıç daha sonra “verdiyim təkliflərin heç biri Türkiyənin xeyrinə deyildi, əsas məqsədim erməni xalqının rifahı idi” sözlərini səsləndirib.

 

İrəvanda

Onun bu açıqlamaları təkcə Türkiyədə deyil, Azərbaycanda da xoş qarşılanmayıb. Çünki dövlətin rəsmi nümayəndəsinin ölkəsinin maraqlarını ikinci plana keçirdiyini etiraf etməsi artıq adi diplomatik ritorika deyil, konkret siyasi mövqe nümayişidir. Qeyd olunur ki, beynəlxalq münasibətlər sistemində diplomatların əsas funksiyası təmsil etdikləri dövlətin milli maraqlarını qorumaq və irəli aparmaqdır. Bu baxımdan, Sərdar Kılıçın səsləndirdiyi fikirlər klassik diplomatiya prinsipləri ilə ziddiyyət təşkil edir.

Ehtiyatda olan türkiyəli general Yücel Karauz Musavat.com-a qeyd edib ki, burada həm diplomatik üslub, həm strateji mesaj, həm də ictimai qəbul məsələsi ön plana çıxır.
Onun sözlərinə görə, birincisi, “özümü burada evimdəki kimi hiss edirəm” ifadəsi klassik diplomatiyada o qədər də qeyri-adi sayılmaz: “Çünki diplomatik nümayəndələr qarşı tərəfə etimad, yumşalma və dialoq mesajı vermək üçün bənzər humanitar və psixoloji tonlu ifadələrdən istifadə edə bilər. Xüsusilə normallaşma prosesində bu tip ritorika gərginliyi azaltmaq və etimad mühiti yaratmaq məqsədi daşıya bilər. Lakin əsas mübahisə doğuran hissə onun “verdiyim təkliflərin heç biri Türkiyənin xeyrinə deyildi, məqsədim erməni xalqının rifahı idi” məzmunlu açıqlamasıdır”.

Dr.

Y.Karauz bildirib ki, klassik diplomatiya nəzəriyyəsinə görə diplomat ilk növbədə öz dövlətinin milli maraqlarını təmsil edir: “Humanitar yanaşma, regional sabitlik və qarşı tərəfin rifahı diplomatiyanın alətləri və ya dolayı məqsədləri ola bilər, amma bunların milli maraqlardan üstün tutulduğu görüntüsünün yaradılması ciddi siyasi müzakirə doğurur”.
General hesab edir ki, ifadə kommunikasiya baxımından uğursuz qurulub: “Diplomat milli maraqları dolayı formada belə ikinci plana atmış görüntü yaradanda həm daxili auditoriyada, həm də müttəfiq ölkələrdə etimad problemi yarana bilir. Bu açıqlamalar tam şəkildə “diplomatik qayda pozuntusu” sayılmasa da, klassik dövlət diplomatiyasının sərt milli maraq mərkəzli ənənəsi ilə tam uyğun görünmür”.

Karauzun fikrincə, əsas problem ifadələrin məzmunundan çox, onların ictimai və geosiyasi kontekstdə necə qəbul edilməsidir: “Cənubi Qafqaz kimi yüksək həssaslıq daşıyan regionda diplomatların istifadə etdiyi hər söz yalnız humanitar mesaj deyil, həm də strateji siqnal kimi oxunur".

Xalidə Gəray
Musavat.com

 

Seçilən
14
musavat.com

1Mənbələr