AZ

“Atlant işi” ndə itən milyonların yeri bilindi – Yenə Qədəşov...

Sabah, mayın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” qalmaqalı üzrə növbəti, bəlkə də həlledici proses keçiriləcək. İşdə 171 vətəndaşın taleyindən, milyonlarla manatın ələ keçirilməsindən söhbət gedir.

Musavat.com xəbər verir ki, hakim qarşısına çıxarılan əsas fiqur – “Atlant” istirahət mərkəzinin sahibi Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev 171 nəfərə qarşı 14 milyon manatdan artıq dələduzluqda ittiham olunur.

Lakin məhkəmə zalında səslənən ifadələr artıq bu işin təkcə bir nəfərin üzərinə “yıxıla” bilməyəcəyini açıq şəkildə göstərir. Son iclasda ifadə verən zərərçəkənlər və şahidlər eyni məqamı vurğulayıb: “Təbriz” MTK vasitəsilə toplanan pullar tikintiyə yox, “Atlant” Ailəvi İstirahət Mərkəzinin genişləndirilməsinə yönəldilib. Bu, artıq sadəcə iddia deyil, məhkəmə zalında formalaşan ümumi mənzərədir. Zərərçəkənlərin sözlərinə görə, mənzil almaq ümidi ilə ödədikləri vəsaitlər müxtəlif bəhanələrlə mənimsənilib. Nəticədə ortada nə ev var, nə də pul. Amma paralel olaraq “Atlant” böyüyüb, genişlənib, abadlaşıb...


Zərərçəkənlər bildiriblər ki, “Atlant” istirahət mərkəzi faktiki olaraq onların pulları hesabına qurulub. İstintaq materiallarında da bu vəsaitlərin həmin obyektə yönləndirildiyi təsdiqləndiyi iddia olunur. Bu isə işi yeni mərhələyə keçirir, artıq söhbət təkcə dələduzluqdan yox, təşkilatlanmış maliyyə sxemindən gedir. Zərərçəkənlər məhkəmədə açıq şəkildə bildiriblər, bu prosesdə yalnız Nofəl Hacıyev deyil, onun şəriki və qayınatası Tahir Qədəşov da birbaşa iştirak edib. Onların sözlərinə görə, əsas qərarlar məhz Tahir Qədəşov tərəfindən verilib, vəsaitlərin istiqaməti onun göstərişi ilə müəyyənləşdirilib. Bu səbəbdən də zərərçəkənlər konkret tələblərlə çıxış ediblər. Onlar Tahir Qədəşovun məhkəməyə gətirilməsi, onun ifadəsinin alınması və barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edirlər. Hesab edirlər ki, eyni işdə adı keçən şəxslərdən birinin həbsdə, digərinin isə azadlıqda qalması ədalət prinsipinə açıq ziddir. Bununla yanaşı, zərərçəkənlər “Atlant” Ailəvi İstirahət Mərkəzinin üzərindəki həbsin qüvvədə saxlanılmasını və obyektin hərraca çıxarılaraq satılması, dəymiş ziyanın ödənilməsini tələb edirlər. Nofəl Hacıyev isə məhkəmədə verdiyi ifadə ilə bu ittihamların bir hissəsini faktiki olaraq təsdiqləyib. O bildirib ki, vətəndaşlardan topladığı 14 milyon manatdan artıq vəsaiti “Atlant”ın tikinti və təmir işlərinə yönəldib və bunu Tahir Qədəşovla birgə həyata keçirib. Bu etiraf daha ağır və prinsipial sualı ortaya çıxarır - əgər pulların izi məlumdursa, niyə bu işdə bütün fiqurlar eyni hüquqi məsuliyyət daşımır? Sabahkı məhkəmə prosesi bu sualın cavabına bir addım daha yaxınlaşa bilər...

Qeyd edək ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Təbriz” MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 172 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə edib. Nofəl Hacıyev "Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni olmaqla yanaşı, mərkəzin şəriklərindən biri hesab olunur. İttihama görə, vətəndaşlardan toplanan vəsait "Atlant”ın təmir və tikinti işlərinə sərf olunub. Cinayət işi çərçivəsində "Atlant” İstirahət Mərkəzinin əmlakına həbs qoyulub. Əgər məhkəmə hökmü çıxarılarsa, bu əmlak zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi məqsədilə müsadirə oluna bilər. "Atlant”ın sahibi Tahir Qədəşovdur. Məhkəmədə onun da məsuliyyətə cəlb olunması tələb edilmişdi. Bu vəsatət hələlik baxılmamış qalır. "Atlant” İstirahət Mərkəzi Nabran qəsəbəsində, dəniz sahilində yerləşir.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
2
musavat.com

1Mənbələr