AZ

TRIPP və Orta Dəhliz: Avrasiyada yeni təsir mübarizəsi

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Brüsselin TRIPP layihəsinə qoşulmaq istəyi Avropa İttifaqının regionda gecikmiş, lakin strateji baxımdan əhəmiyyətli bir addımı kimi qiymətləndirilir. Orta Dəhliz üzərindən alternativ logistika marşrutlarına marağın artmasına baxmayaraq, qərarların ləngliyi Aİ-nin təsir imkanlarını zəiflədir və onu “oyun qurucu” rolundan daha çox “qoşulan tərəf” mövqeyinə yaxınlaşdırır. Zəngəzur dəhlizi kimi layihələr isə yalnız iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik amilləri ilə sıx bağlı olduğundan prosesin mürəkkəbliyini daha da artırır. ABŞ-nin regionda artan fəallığı fonunda Aİ-nin atdığı addımlar daha çox geosiyasi rəqabətin tərkib hissəsi kimi görünür.Aİ bu prosesdə gecikmiş tərəfdaş olaraq qalacaq, yoxsa real strateji liderliyə iddia edə biləcək?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqının Orta Dəhlizə marağı yeni deyil və bu istiqamətdə hələ əvvəlki illərdə Orta Asiya ölkələri ilə nəqliyyat və logistika sahəsində müxtəlif anlaşmalar imzalanıb, hətta 12 milyard dollarlıq yardım paketi də təklif olunub. Onun sözlərinə görə, Güney Qafqazda nəqliyyat dəhlizlərinin açılması ideyası da prinsip etibarilə Aİ tərəfindən dəstəklənib və Azərbaycan–Ermənistan danışıqları mərhələsində bu yanaşma açıq şəkildə ifadə olunub, lakin reallıq ondan ibarətdir ki, Aİ-nin bu proseslərə təsir imkanları məhdud olduğundan təşəbbüslər çox vaxt bəyanat səviyyəsində qalır.

Politoloq qeyd edib ki, hazırkı dövrdə Orta Dəhlizin strateji əhəmiyyəti daha da artıb. Şimalda Rusiya–Ukrayna müharibəsi, cənubda isə Yaxın Şərqdə davam edən gərginliklər Avropa ilə Asiya arasında nəqliyyat marşrutlarında ciddi çətinliklər yaradıb. Bu baxımdan Güney Qafqaz və Orta Asiya Avropa üçün həm enerji, həm də logistika baxımından daha kritik əhəmiyyət daşımağa başlayıb. Onun fikrincə, malların bu istiqamətdən Avropaya çatdırılması həm vaxt, həm də həcm baxımından daha effektivdir və Orta Dəhliz artıq “Avrasiyanın Süveyş kanalı” kimi dəyərləndirilir.

Eyni zamanda ABŞ-nin Zəngəzur dəhlizi və TRIPP kimi layihələrdə daha konkret addımlar atması regionda rəqabəti daha da gücləndirir. Oqtay Qasımov hesab edir ki, Aİ-nin bu proseslərə marağı artsa da, əsas sual onun real addımlar atıb-atmayacağı ilə bağlıdır. Əgər Brüssel regionda, xüsusilə Ermənistanda mövqeyini gücləndirmək istəyirsə, təkcə siyasi bəyanatlarla kifayətlənməməli, infrastruktur və dəmiryol şəbəkəsinin qurulmasına real dəstək verməlidir. Onun sözlərinə görə, regionda nəqliyyat və logistika dəhlizlərinin modernləşdirilməsi istiqamətində konkret layihələrin icrası vacibdir və gələcəkdə əsas meyar məhz bu bəyanatların əməli addımlarla nə dərəcədə müşayiət olunacağı olacaq.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
bizimyol.info

1Mənbələr