AZ

Aşırı tərləmə təhlükə siqnalıdır? – Mütəxəssis ciddi xəstəliklərdən xəbərdarlıq edir

Terapevt İrina Volgina bildirib ki, həddindən artıq tərləmə diabet, qalxanabənzər vəzin və böyrəküstü vəzilərin funksional pozuntuları, eləcə də hormonal disbalansın əlaməti ola bilər.

Editor.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Mütəxəssisin sözlərinə görə, temperatur və ya fiziki aktivliklə əlaqəli olmayan güclü və davamlı tərləmə (ümumiləşmiş hiperhidroz) endokrin pozuntulara işarə edə bilər. Bu hallara piylənmə, hipoqlikemiya ilə müşayiət olunan diabet, hipotiroidizm (qalxanabənzər vəzin zəif fəaliyyəti), menopauza, həmçinin hipofiz və ya böyrəküstü vəzilərin funksional pozğunluqları daxildir.

Bundan əlavə, həddindən artıq tərləmə onkoloji xəstəliklər, infeksiyalar (vərəm, HİV, bruselyoz kimi xroniki infeksiyalar) və bakterial endokarditlə də əlaqəli ola bilər. Gecə tərləmələri isə çox vaxt hormonal disbalans və ya yuxu apnesi ilə müşayiət olunur. Bəzi hallarda tərləmə müxtəlif orqan və toxumalarda autoimmun iltihab proseslərini əhatə edən sistem birləşdirici toxuma xəstəlikləri ilə birlikdə müşahidə edilir. Hiperhidroz həmçinin autoimmun proseslərin bir təzahürü kimi də ortaya çıxa bilər.

İrina Volgina vurğulayıb ki, qəfil yaranan soyuq tər miokard infarktının əlaməti ola bilər. Bu səbəbdən belə hal təkrarlanarsa, mütləq həkimə müraciət edilməlidir.

Onun sözlərinə görə, güclü tərləmə həmçinin koronar ürək xəstəliyinin göstəricisi ola bilər və qəfil başlayan soyuq, yapışqan tər miokard infarktı ehtimalını istisna etməyi tələb edir. Eyni zamanda, bu simptom sinir sistemi pozuntularının da əlaməti ola bilər. Xüsusilə, həddindən artıq tərləmə Parkinson xəstəliyinin erkən mərhələsində müşahidə olunur.

Bundan başqa, tərləmə digər nevroloji pozuntuları və ya stresslə bağlı vegetativ disfunksiyanı əks etdirə, eləcə də D vitamini çatışmazlığının göstəricisi ola bilər. Əgər bu əlamət güclü, davamlı xarakter daşıyırsa və halsızlıq, hərarət, ürəkbulanma, döş qəfəsində ağrı və ya digər şikayətlərlə müşayiət olunursa, mütləq həkim məsləhəti alınmalıdır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
2
editor.az

1Mənbələr