AZ

Bahar Muradovadan SOS – NƏ baş verir?

2026-cı ilin ilk rübü (yanvar-mart ayları) ərzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (AQUPDK) məişət zorakılığı ilə bağlı ümumilikdə 134 müraciət daxil olub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova deyib.

Bildirilib ki, daxil olan müraciətlərdən 23-ü kişilər, 106-sı qadınlar, 5-i isə uşaqlar tərəfindən edilib. Kişilər tərəfindən daxil olan müraciətlərin əsas hissəsi psixi zorakılıq, bəzi hallarda isə iqtisadi zorakılıqla bağlı olub. Fiziki zorakılığa məruz qalan kişilərlə bağlı isə Komitəyə hər hansı müraciət daxil olmayıb. Eyni zamanda, kişilərin müraciətlərinin əksəriyyəti övladları ilə ünsiyyət, uşaqların keçmiş həyat yoldaşları tərəfindən zorakılığa məruz qalması kimi məsələlərlə bağlı olub.

“Müraciətlərin növləri üzrə bölgüsünə gəlincə, 31 fakt psixi zorakılıq, 9 fakt iqtisadi zorakılıq, 93 fakt fiziki zorakılıq, 1 fakt isə cinsi zorakılıqla bağlı olub. Qeyd olunmalıdır ki, bu rəqəmlər Komitəyə daxil olan müraciətlərin sayını əks etdirir və hələlik təsdiq olunmuş faktlar hesab edilmir. Müraciətlər aidiyyəti dövlət qurumlarına yönləndirilir və yalnız həmin qurumlardan daxil olan cavab məktubları əsasında faktın təsdiqlənib-təsdiqlənmədiyi müəyyən edilir”, - rəsmi məlumatda vurğulanıb.

Bildirilir ki, coğrafi bölgüyə əsasən, müraciətlərin 64-ü regionlardan, 70-i isə Bakı şəhərinin rayonlarından daxil olub.

Cəmiyyətdə zorakılığın artması ilə bağlı statistikanın yayılması nəyi həll edir? Bu yöndə maarifləndirmə də yetərli deyilsə, bəs nə dəyişməlidir?

Söz yox ki, statistikanın yayılması ilk növbədə problemi görünən edir və cəmiyyətin diqqətini bu mövzuya yönəldir. Lakin sosioloqlar hesab edir ki, təkcə rəqəmlərlə məlumatlandırma zorakılığın azalmasına kifayət etmir, çünki əsas səbəblər sosial mühit, iqtisadi gərginlik və formalaşmış davranış stereotipləri ilə bağlıdır.

Ekspert yanaşmalarına görə, bir çox hallarda insanlar psixoloji və ya iqtisadi zorakılığı zorakılıq kimi qəbul etmir, bu da problemin “gizli” qalmasına səbəb olur. Bu baxımdan maarifləndirmə ilə yanaşı, hüquqi mexanizmlərə inamın artırılması, sosial dəstək sistemlərinin gücləndirilməsi və cəmiyyətdə zorakılığa qarşı münasibətin dəyişməsi də vacib hesab olunur.

“5

Vəkil Ramil Süleymanov mövzu ilə bağlı Musavat.com-a deyib ki, Azərbaycan Konstitusiyasının 25-ci maddəsinə əsasən, hər kəs qanun və məhkəmə qarşısında bərabərdir:

“Qeyd etmək istəyirəm ki, əvvəllər məişət zorakılığı daha çox qadınlara qarşı törədilirdisə, bu gün artıq kişilərə qarşı da bu cür halların baş verdiyi müşahidə olunur. İcra hakimiyyətləri və məhkəmələr tərəfindən həm qadınlar, həm də kişilər barəsində qısamüddətli və uzunmüddətli məişət zorakılığından mühafizə orderləri verilir. Cəmiyyətdə zorakılıq hallarının artması, insanların bir-birinə qarşı fiziki, psixoloji və maliyyə zorakılığı tətbiq etməsi qəbuledilməzdir. Vətəndaşlar bilməlidirlər ki, bununla bağlı qanunvericilikdə sərt qaydalar mövcuddur və məişət zorakılığı ilə mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılması, o cümlədən videomaterialların hazırlanması vacibdir.

Bununla yanaşı, sosial institutlar statistik məlumatlara əsaslanmalı, istər qadınlar, istərsə də kişilər tərəfindən hüquqlardan sui-istifadə hallarının qarşısı alınmalıdır. Eyni zamanda, insanların maddi vəziyyətinin pisləşməsi gərginliyə və psixoloji problemlərə səbəb olaraq bəzi hallarda onların aqressiv davranış nümayiş etdirməsinə gətirib çıxarır”.

Məlumat üçün bildirək ki, “Məişət zorakılığı haqqında" Qanuna görə, zorakılığa məruz qalmış şəxslərə mühafizə orderi verilir. Lakin vətəndaşlarının əksəriyyətinin mühafizə orderi ilə bağlı bilgiləri azdır. Mühafizə orderi- məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır. Zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər. Qısamüddətli mühafizə orderi məişət zorakılığını törətmiş şəxsə zorakılığın təkrar törədilməsi, zərər çəkmiş şəxsin olduğu yer məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsini qadağan edə bilər. Qısamüddətli mühafizə orderi icra hakimiyyəti orqanları tərəfindən 30 gün müddətinədək verilir.

Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə zərər çəkmiş şəxs və ya icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
2
musavat.com

1Mənbələr