AZ

“Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir təşkil edilib

İlyas Əfəndiyev adına Elitar Gimnaziyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir təşkil edilib.

“İki sahil” xəbər verir ki, tədbir Bakı Qızlar Universiteti və gimnaziyanın 7A1 sinfinin birgə təşkilatçılığı ilə baş tutub. Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Gimnaziyanın direktoru Səadət Cahandarova çıxışında Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və dövlət dili statusunun möhkəmləndirilməsi istiqamətindəki tarixi xidmətlərindən danışıb. O qeyd edib ki, Ulu Öndərin imzaladığı fərman və sərəncamlar ölkəmizdə dil siyasətinin mükəmməl konsepsiyasını və gələcək inkişaf strategiyasını müəyyən edib.

Tədbirdə fəxri qonaq qismində iştirak edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlü Ulu Öndərin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyasında ana dilimizlə bağlı maddənin xüsusi yer aldığını vurğulayıb. Alim bildirib ki, Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. T.Şükürlü, həmçinin Heydər Əliyevin dünya siyasi xadimləri arasında bənzərsiz natiqlik məharəti ilə seçildiyini, səmimi və zəngin nitqi ilə ölkəmizdə siyasi natiqlik məktəbinin bünövrəsini qoyduğunu diqqətə çatdırıb.

Daha sonra gimnaziyada pedaqoji təcrübə keçən Bakı Qızlar Universitetinin Filologiya-tarix fakültəsinin 4-cü kurs tələbələri Qəmzə Abbasova, Nurcan Mehtiyeva, Məleykə Babayeva, Aytən Cəfərli və Sənubər Məmmədova “Azərbaycan təhsilinin inkişafında Heydər Əliyevin rolu” və “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirin bədii hissəsində 7A1 sinfinin şagirdləri Zeynəb Ağalarova, Miryusif Ağalarov, Ziya Gülmuradov, Yaqub Məmmədov, Nigar Niftiyeva və İbrahim Niyazovun ifasında ana dilimizə və vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirilib.

Seçilən
12
ikisahil.az

1Mənbələr