"Təbii ki, xroniki ağrıları olan insanlarla işləmək daha çətindir. Çünki ağrı insanın sağlam düşünməsinə mane olur. İnsan ağrı hiss etdikdə onun diqqəti yalnız həmin ağrıya yönəlir. Buna görə də bu ağrıya qarşı mübarizə birlikdə aparılmalıdır. Burada sülh və anlayış mesajlarının verilməsi vacibdir. Bu gün istər rəqəmsal mühitdə, istər real həyatda səslənən bəzi fikirlərin qarşısını almaq lazımdır. Bu yanaşma vətəndaş mövqeyi kimi də ifadə olunur".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov bildirdi.
Onun sözlərinə görə, həkimlər ağır və gərgin iş rejimində çalışdıqları üçün “tükənmişlik sindromu” ilə üzləşirlər:
"Davamlı tənqidlər bəzən onların peşədən uzaqlaşmasına səbəb ola bilər və nəticədə cəmiyyət yaxşı mütəxəssislərini itirə bilər. Bu amil nəzərə alınmalıdır. Hər hansı bir həkimi davamlı tənqid hədəfinə çevirmək onun onsuz da gərgin vəziyyətinə əlavə yük yaradır və müsbət nəticə vermir. Xroniki ağrıları olan pasiyentlər tez-tez impulsiv davranırlar. Onların davranışlarında adekvatlıq azalır, düşüncələrində daha çox neqativ və dağıdıcı yanaşmalar üstünlük təşkil edir. Bu hal ardıcıl şəkildə baş verdikdə həkimi də gərgin vəziyyətə sala bilər. Həkimlər isə peşəkardır və hansı pasiyentlərlə işlədiklərini, hansı problemlərlə qarşılaşdıqlarını yaxşı bilirlər. Bununla belə, bəzi məsələlər var ki, onları həkim yox, hüquq çərçivəsi həll etməlidir. Həkim hüquq-mühafizə orqanı və ya hüquqşünas deyil. Həkimə öyrədilən əsas prinsiplərdən biri pasiyentlə empatiya qurmaq, ona qarşı aqressiya və nifrət göstərməməkdir. Həkimlər bu prinsiplərlə yetişirlər".
NURİYYƏ