Turkstan.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Baza ssenarisinə əsasən, cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır”.
Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir. Qeyd edilib ki, AMB-nin baza ssenarisi üzrə may proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.9%, 2027-ci ildə isə 4.5% olacağı gözlənilir.
İnflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən xarici mənşəli xərc amillərinin fəallaşmasından irəli gəlir. Bu amillərə qlobal ərzaq qiymətlərinin artım tempinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin aktivləşməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin səngiməsi aiddir.
Baza ssenarisinə əsasən, cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Yaxın Şərqdə baş verən münaqişə təchizat zəncirlərində maneələr yaratmaqla nəqliyyat və sığorta xərclərinin yüksəlməsinə, eyni zamanda qlobal enerji bazarlarında artan istiqamətdə qiymət dəyişkənliyinin güclənməsinə səbəb olub.
İlin qalan dövründə bu proseslərin davam etməsi ticarət tərəfdaşlarında inflyasiyanın dinamikasını müəyyən edən əsas amil olacaq.
İnflyasiya proqnozunun artmasına təsir edən qlobal ərzaq qiymətlərinin artımı Azərbaycan bazarlarında da qiymət artımına gətirib çıxaracaqmı?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Cebheinfo.az”-a bildirib ki, qlobal bazarlarda qiymət artımını formalaşdıran təzyiqlər Azərbaycan üçün də daha bahalı qiymətə məhsulların, xidmətlərin, o cümlədən də ərzaq məhsullarının idxalı istiqamətində təzyiqlər yaradacaq:
“Hörmüz boğazının bağlanması dünyada təxminən 30 faiz gübrə məhsullarının daşınması istiqamətində tədarük zəncirinin pozulmasına səbəb olub. Enerji məhsullarının bahalaşması gübrənin əsas xammalı olan neftin bahalaşmasına gətirib çıxarıb.
Gübrənin qiymətlərində bu iki təzyiqdən qaynaqlanan artım var və sonrakı mərhələdə bütün növ kənd təsərrüfatı məhsullarının qiymətlərinə sirayət edəcək. Azərbaycan sonrakı mərhələdə şəkər qamışını və yaxud taxılı, çayı, düyünü, yağı daha bahalı qiymətə idxal etmək məcburiyyətində qalacaq”.
O qeyd edib ki, bu proses artıq başlayıb və nə qədər davam etməsi, qiymətlərin nə qədər bahalaşması mövcud və geosiyasi konyukturun nə vaxt dəyişəcəyindən asılıdır:
“Yaxud da konfliktin nə vaxt bitməsindən, Hörmüz boğazının nə vaxt istifadəyə açılmasından asılı olacaq. Burada digər məqam odur ki, Azərbaycanda aşağı, xüsusilə aşağı-orta gəlirli sosial qruplar üçün məhsullar təchiz edən İran bazarı üzrə məhsulların idxalı imkanları məhdudlaşır.
Bu isə qıtlığa, dolayısı ilə qiymət artımına və yaxud da həmin məhsulların alternativ bazarlardan idxalı ilə bağlı sahibkar təşəbbüslərinin ortaya çıxmasına, dolayısı ilə daha bahalı bazarlardan məhsulların idxalına gətirib çıxarır. Yəni bütövlükdə götürdükdə yaranmış konyuktur Azərbaycan bazarında qiymətlərin artımı istiqamətində birmənlı təzyiqlər formalaşdırır”.
Ekspertin sözlərinə görə, bu təzyiqlər nəticəsində yalnız qida məhsullarında deyil, qiymət artımı bütün növ mal və xidmətlərdə müşahidə olunacaq:
“İdxal olunan mal və xidmətlərdə, yaxud yerli istehsalda bunu görmək olacaq.
Çünki bir çox yerli istehsal sənayesində xammal idxaldır və xammalın bahalaşması özü də yerli istehsalın maya dəyərinin bahalaşmasına gətirib çıxaracaq. Sadəcə burada hansı məhsulun qiymətinin nə qədər artması həmin məhsulların dəyərinin formalaşmasında, nəqliyyat, enerjidaşıyıcıları üzrə xərclərin payı, yaxud da xammal olaraq enerji daşıyıcılarından istifadə olunurmu, məsələn, plastik məhsullar, gübrə istehsalında neft yalnız daşıyıcı nəqliyyat vasitələri üzrə maya dəyərinin formalaşmasında deyil, eyni zamanda bu məhsulun istehsalında mövcud olan xammalın əsasını təşkil edir.
Buna görə mal və xidmətlərdə təsirlər fərqli olacaq. Məsələn, enerji daşıyıcılarının bahalaşmasının nəqliyyat sektorunda qiymətlərə təsiri daha yüksək olacaq. Bu, Azərbaycanda daha çox hava nəqliyyatı və sərnişindaşıma xidmətlərində özünü göstərməyə başlayıb.
Çünki bu sahədə qiymətlər liberal bazarda formalaşıb. Ancaq daxili sərnişindaşımada bunun təsirləri nisbətən gecikmiş ortaya çıxa bilər. Çünki burada qiymətlər tənzimlənəndə Tarif Şurası tərəfindən müəyyən olunur.
Qiymətlərdə, eyni zamanda daxili bazarda yanacağın qiymətində Tarif Şurası tərəfindən tənzimlənmə məsələsi var. Bu aspektdən, müvafiq istiqamətdə qiymət artımı təzyiqləri nisbətən qısamüddətli dövr üzrə neytrallaşdırıla bilər.
Ancaq birmənalı şəkildə bütövlükdə nəzərdən keçirmiş olsaq, proses Azərbaycanda artan istiqamətdə təzyiqlərin ortaya çıxmasına gətirib çıxarır”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.