Bir neçə gün öncə “Atletiko Mineyro”dan ayrılmış braziliyalı hücumçu Halk bundan sonra “Fluminense”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, 39 yaşlı forvard yeni klubu ilə 2027-ci ilin sonuna qədər anlaşıb.
O, “Fluminense”yə azad agent kimi qoşulub.
Braziliya klubunun rəsmi açıqlamasında Halkun zəngin karyerasına diqqət çəkilib: “Braziliyanın həqiqətən seçilən futbolçularından biri ilə 31 dekabr 2027-ci ilə qədər müqavilə imzaladıq. Halk çıxış etdiyi bütün klublarda çempionluqlar qazanıb”.
Xatırladaq ki, hücumçu son olaraq “Atletiko Mineyro” klubunda çıxış edib. Tərəflər mayın 1-də müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.
Halk 2021-ci ilin fevral ayından “Atletiko Mineyro”nun uğurları üçün çalışırdı. Təcrübəli forvard bu komandanın heyətində bütövlükdə 309 oyun keçirib, 140 qol vurub, 56 məhsuldar ötürmə verib.
Braziliyalı hücumçu daha öncə “Portu”, “Zenit”, “Tokio Verdi”, “Konsadole Sapporo”, “Şanxay”, “Kavasaki Frontale”, “Vitoriya” (Salvador) kimi klubların da formasını geyinib.
Halk 2009-cu ilin noyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 49 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermakt” intenet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

