AZ

Kombi dövrü başa çatır: Bəs evləri necə isidəcəyik?

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Sənədə əsasən, reqlament dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcək.

Qərarın qəbul olunması son illər tez-tez baş verən dəm qazı zəhərlənmələri, qaz sızmaları və partlayış halları fonunda xüsusilə aktuallaşıb.Bu Texniki Reqlamentin qəbul edilməsini zəruri edən əsas səbəblər nələrdir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, Nazirlər Kabinetinin bu qərarını sadə dillə desək, artıq hündürmərtəbəli yeni binalarda hər mənzilə ayrıca kombi quraşdırılması dövrü başa çatır:

“Məsələyə texniki təhlükəsizlik baxımından yanaşsaq, 12-16 mərtəbəli binalarda hər mənzildə qaz cihazının olması, əslində, binanın hər mərtəbəsində ayrıca bir partlayış və yanğın riskinin mövcudluğu deməkdir.

Nazirlər Kabinetinin bu qərarında isə təhlükəni hər bir insanın fərdi evindən yığaraq əvəzinə, binanın altında və ya yaxınlığında yerləşən, kənar şəxslərin müdaxiləsinin mümkün olmadığı tək bir mərkəzi qazanxanada cəmləşdirilməsi prinsipinə əsaslanır.

Dünya təcrübəsinə, xüsusilə inkişaf etmiş ölkələrə baxdıqda görürük ki, hündürmərtəbəli binalarda mənzillər daxilində kütləvi qaz cihazlarından çoxdan istifadə edilmir.

Çünki həm yanğın təhlükəsizliyi, həm də qaz sızması və dəm qazı zəhərlənməsi riskləri baxımından mərkəzi istilik sistemi daha etibarlı hesab olunur. Yeni tətbiq olunan qaydalar da məhz bu beynəlxalq təhlükəsizlik standartlarına əsaslanır”.Ekspert əlavə edib ki, qərarda fərdi istilik sisteminə yalnız üç halda icazə verilir: 

“Fərdi istilik sisteminə yalnız bina 5 mərtəbədən aşağı olduqda, həmin ərazidə qaz təchizatı olmadıqda və ya günəş panelləri kimi alternativ (yaşıl) enerji mənbələrindən istifadə edildikdə icazə verilir.

Çünki 5 mərtəbəli binalarda fövqəladə hallar zamanı yanğınsöndürmə və təxliyə imkanları 12-16 mərtəbəli binalarla müqayisədə qat-qat asandır. Amma hündürmərtəbəli binalarda hər mənzildə yanma cihazının olması çox ciddi risklər yaradır. 

Burada ən vacib təhlükəsizlik amillərindən biri cavabdehlik məsələsidir.Mənzillərdə kombilərə fərqli yanaşılır, hərə bir cürə qulluq edir, bəzən qeyri-peşəkar müdaxilələr edilir, usta olmayan şəxslər tərəfindən təmir olunur. 

Bu isə qaz sızması və dəm qazı zəhərlənməsi kimi təhlükəli hallara səbəb ola bilər. Bir mənzildəki səhlənkarlıq bütün binanı risk altına salır”.

Orxan Musayev qeyd edib ki, bu qərardan sonra yeni istismara verilən binalarda partlayış və yanğın hadisələrinin sayını minimuma endirməyin mümkün olacağına ümid edirik:

“Mərkəzi istilik sistemi tətbiq olunduqda bu qurğular mənzilin sahibi yox, sertifikatlı peşəkar mütəxəssislər tərəfindən idarə olunur və mütəmadi texniki baxışdan keçirilir.

Sistemlər sensorlar və avtomatik söndürmə mexanizmləri ilə təchiz olunur. Qaz sızması aşkarlandıqda isə sistem dərhal mərkəzdən bloklanır ki, bu da kütləvi qəzaların qarşısını alır.

Bir sözlə, bu qərar yeni hündürmərtəbəli binalarda yanğın, partlayış və qaz sızması kimi təhlükələrin minimuma endirilməsi məqsədi daşıyır”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Açar sözlər:

kombi Orxan Musayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr