AZ

Mütəxəssis: Bronxial astma müalicəyə tabe olan xəstəlikdir

Bakı, 6 may, AZƏRTAC

Astma ağciyər xəstəlikləri arasında dünyada çox geniş yayılmış, təxminən epidemioloji göstəricilərə malik xroniki obstruktiv xəstəlikdir. Astma sadəcə bir səbəbdən yaranmır, poligenetik xəstəlik olduğundan müxtəlif xəstəliklərin birləşməsi nəticəsində, fərqli amillər nəticəsində ortaya çıxır. Astmanı yaradan faktorlar arasında ilk yerdə genetik amillər dayanır, yəni ana ya atada astma olarsa, bu onların övladlarına ötürülə bilər. Epigenetik faktorlara gəlincə isə, hamiləlik dönəmində anaların normal qidalanmaması, ətraf mühit amillərinin təsiri nəticəsində genlərində dəyişikliklərin olması, eyni zamanda, artıq çəki və piylənmə astmanı yaradan səbəblərdəndir. Siqaret və tütün məhsullarından istifadə, atmosfer havasının çirklənməsinin artması, müxtəlif infeksiyalar və eyni zamanda, müxtəlif allegenlər də astmaya səbəb ola bilər. Xüsusilə yaz aylarında ağacların çiçəklənməsi, tozlanması, müxtəlif otlarda, həmçinin ev heyvanlarında olan allergenlər astmanı yaradan səbəblər qrupuna daxildir.

Bunu AZƏRTAC-a açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının pulmonoloqu Aynur Məmmədova deyib.

Mütəxəssisin sözlərinə görə, astma xroniki xəstəliklər qrupuna daxil olsa da, bronxial astma, ümumiyyətlə, geridönən və müalicəyə tabe olan xəstəlikdir. Yetər ki, zamanında düzgün diaqnoz qoyulsun və düzgün şəkildə izlənilsin: “Xüsusilə hava, mövsüm dəyişiklikləri ilə əlaqədar olaraq atipik xəstələrdə yaz aylarında allegenlərin, hava çirklənməsinin artdığı, dumanın, sisin olduğu dönəmlərdə atakların sayı artır, bronxlarda ciddi spazm yaranır. Nəfəs darlığı, quru öskürəklər, eyni zamanda, sinədə pişik səsi dediyimiz fit səslərinin eşidilməsi, gecə nəfəs darlığı və ya səhərə yaxın nəfəs darlığı ilə yuxudan oyanma, simptomların, adətən, səhər və axşam saatlarında ortaya çıxması ilə özünü göstərir. Odur ki, xüsusilə atipik xəstələr ilkin olaraq ilin fəsillərində allergenlərdən qorunmalıdırlar. Səhər saatlarında evdən çölə çıxmamalarını, çıxarkən maskalardan istifadə olunmasını, atakların sayı artarsa, həkim-pulmonoloqlara müraciət olunmasını tövsiyə edirik. Bu zaman inhalyar dərmanların dozasında dəyişiklik olunur və ya əlavə dərmanlar yazılır. Bu şəkildə xəstənin vəziyyətini daha yaxından izləyirik. Dərmanları vaxtlı-vaxtında istifadə etmək, qidalanmanı nəzarətdə saxlamaq, artıq çəki almamaq, aktiv həyat tərzi məsləhət görülür. Bronxial astma düzgün müalicə və profilaktik tədbirlərlə nəzarət altına alına bilən xəstəlikdir. Əgər simptomlar tez-tez təkrarlanırsa və ya xəstə pisləşirsə, mütləq həkimə müraciət etmək lazımdır”.

Müxbir – Göyçək Mahmudlu

Seçilən
13
1
azertag.az

2Mənbələr