Rusiyanın Omsk vilayətinin Tara şəhərində qaz sızması nəticəsində məktəblilər zəhərləniblər.
Redaktor.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə qaz kəmərində aparılan təzyiq yoxlaması zamanı baş verib.
Məlumata görə, qazın qoxusu yaxınlıqda yerləşən informatika klubuna qədər yayılıb. Həmin vaxt ekskursiyada olan Tara şəhəri 3 nömrəli məktəbin şagirdləri özlərini pis hiss ediblər. Nəticədə 14 şagird və bir müəllim tibbi yardıma müraciət edib. Onlardan 7-si ilkin tibbi müdaxilədən sonra evə buraxılıb.
Vilayət rəhbərliyi bildirib ki, uşaqlar dərhal təxliyə olunub, onların həyat və sağlamlığına təhlükə yoxdur.
Hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma başlanılıb.