AZ

Ədəbiyyat Muzeyinin Aran filialında “Molla Nəsrəddin” jurnalının 120 illiyi qeyd olunub

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Mədəniyyət Nazirliyinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında Azərbaycanda ilk satirik-yumoristik jurnal olan “Molla Nəsrəddin” nəşrinin 120 illik yubileyi münasibətilə tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Tədbiri Ədəbiyyat Muzeyinin Aran regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı açaraq bildirib ki, böyük ədib Cəlil Məmmədquluzadə ədəbiyyat aləmində “Molla Nəsrəddin” adı ilə tanınaraq geniş şöhrət qazanıb. Şərq təfəkkürünün müdrik simvoluna çevrilən Molla Nəsrəddin obrazı qüdrətli sənətkarın əsas estetik idealını təşkil edib. Yazıçı ictimai həyatda mövcud nöqsanları bu obrazın yumorundan ilham alaraq tənqid edib, eyni zamanda, insanlığın əzilməsi və alçaldılmasına qarşı dərin kədərini ifadə edib, müsbət dəyərləri isə Molla Nəsrəddinə xas humanizm ruhunda təqdim edib.

Regional filialın elmi işçisi Ülviyyə Yusifova “Molla Nəsrəddin ədəbi məktəbi və üzvləri” mövzusunda məruzə ilə çıxış edib. O, XX əsrin əvvəllərində nəşrə başlayan “Molla Nəsrəddin” jurnalının mürəkkəb ictimai-siyasi şəraitdə formalaşdığını diqqətə çatdırıb. Vurğulayıb ki, jurnal satira vasitəsilə cəmiyyətdə maarifçilik və oyanış prosesinə mühüm təsir göstərib.

Məruzəçi jurnalın baniləri Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin üzləşdiyi çətinliklərdən, həmçinin bu mətbuat orqanı ətrafında formalaşan ədəbi məktəbin xüsusiyyətlərindən bəhs edib. Bildirilib ki, həmin məktəbin görkəmli nümayəndələri sırasında Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev və başqaları yer alıb.

Qeyd olunub ki, “Molla Nəsrəddin” yalnız jurnal kimi deyil, milli düşüncənin formalaşmasına təsir göstərən, ictimai problemləri cəsarətlə gündəmə gətirən və Azərbaycan ədəbiyyatında yeni mərhələ yaradan mühüm ədəbi məktəb kimi tarixə düşüb.

Tədbirdə “Molla Nəsrəddin” jurnalı haqqında videoçarxlar nümayiş etdirilib.

Həmçinin Kürdəmir şəhər Famil Həşimov adına 3 nömrəli və Sadiq Əliheydərov adına 4 nömrəli tam orta məktəbin şagirdləri “Molla Nəsrəddin” jurnalında dərc olunmuş satirik şeirlərdən və müxtəlif rubrikalara aid yumoristik yazılardan nümunələr səsləndiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
azertag.az

1Mənbələr