Yaponiyanın Mie Universitetinin alimləri genetika dünyasında şok effekti yaradan bir yeniliyə imza atıblar. Onlar Daun sindromuna yol açan artıq xromosomu hüceyrədən kənarlaşdırmağı bacarıblar.
Doktor Ryotaro Haşizumenin başçılıq etdiyi komanda məşhur “CRISPR-Cas9” gen redaktə texnologiyası vasitəsilə 21-ci xromosomu hədəf alıb. Laboratoriya sınaqları göstərib ki, artıq xromosomun silinməsi hüceyrələrin işini normallaşdırır. Xüsusilə sinir hüceyrələrində qeydə alınan müsbət irəliləyişlər gələcəkdə beyin funksiyalarının bərpası üçün böyük ümid verir.
Buna baxmayaraq, elm adamları ehtiyatı əldən vermirlər. Metodun hələ ilkin mərhələdə olduğu, sağlam genlərin zədələnmə riskinin qaldığı bildirilir. Texnologiyanın xəstəxanalarda tətbiq edilməsi üçün hələ uzunmüddətli təhlükəsizlik sınaqlarına ehtiyac var. Bu kəşf Daun sindromunun əlamətlərini deyil, birbaşa genetik kökünü hədəf alan ilk uğurlu addım kimi tarixə düşüb.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”