AZ

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Kiyev, 6 may, AZƏRTAC

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a bildirib, əvvəlcə Azərbaycan və Belarus respublikalarının dövlət himnləri səsləndirilib, İkinci Dünya müharibəsində qələbə uğrunda canlarından keçmiş bütün qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir M.Əliyev İkinci Dünya müharibəsində Azərbaycan xalqının həm döyüş meydanında, həm də arxa cəbhədə nümayiş etdirdiyi şücaətdən, eləcə də ölkəmizin faşizm üzərində qələbəyə verdiyi töhfədən bəhs edib. Çağırışçılardan və könüllülərdən ibarət Azərbaycan diviziyalarının Qafqazdan Berlinə qədər şərəfli hərbi yol keçdiyini qeyd edən səfir, müharibə zamanı göstərdikləri hərbi şücaətə görə 128 Azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, onlardan 12-sinin məhz Belarusun azad edilməsi uğrunda qəhrəmanlığı ilə seçildiyini diqqətə çatdırıb.

Belarus xarici işlər nazirinin müavini Pavel Utyupin ölkəsində İkinci Dünya müharibəsinin nəticələrinin, cəbhə xəttində, partizan dəstələrində vuruşan və arxa cəbhədə cəsarətlə çalışan qəhrəmanların xatirəsinin nəsildən-nəslə ötürüldüyünü diqqətə çatdırıb.

Oxşar tədbirlərin digər MDB ölkələrində də keçirilməsinin sevindirici hal olduğunu qeyd edən nazir müavini, bir sıra ölkələrdə Belarus diplomatik nümayəndəliklərinin qəhrəmanların adlarını daşıyan küçə və prospektlərdə yerləşdiyini diqqətə çatdırıb.

P.Utyupin Belarusun azad olunması uğrunda döyüşmüş N.Rəfiyevin əziz xatirəsinin daim hörmətlə yad ediləcəyini və onun şücayətlərinin gənc nəsilə çatdırılaraq xatirəsinin əbədi yaşadılacağına inamını ifadə edib.

MDB Baş katibinin birinci müavini İ.Petrişenko şanlı qələbənin əldə olunmasında Bakı neftinin və neft məhsullarının, eləcə də Azərbaycanda yaralıların müalicəsinə xidmət edən 70-dən çox hərbi hospitalın əvəzsiz roluna toxunub, bunlarsız qələbənin mümkünsüz olacağını vurğulayıb. N.Rəfiyevin simasında Belarusun müdafiəsi uğrunda mübarizə aparmış azərbaycanlıların xatirəsinin hər zaman hörmətlə yad edildiyini vurğulayan İ.Petrişenko, tarixi həqiqətlərin gənc nəslə çatdırılması və onların vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bu kimi tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində N.Rəfiyev adına Minsk şəhər 170 nömrəli orta məktəbin şagirdlərinin ifasında şeir və mahnılar səsləndirilib.

Sonda tədbir iştirakçıları Sovet İttifaqı Qəhrəmanı N.Rəfiyevin büstünün qarşısına gül dəstələri qoyublar.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Seçilən
23
3
azertag.az

4Mənbələr