Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Mingəçevirdə keçirilməsi olduqca maraqlı və sevindirici haldır.
Bunu "Far.Az"un Qərb bürosuna açıqlamasında Mingəçevir səhər sakini Aydan Əhmədzadə deyib.
Onun sözlərinə görə, WUF13 haqqında sakinlərin məlumatlandırılması məqsədilə mayın 6-da Mingəçevirdə keçirilən "WUF13 Festivalı"nda xeyli sayda gənc iştirak edir:
"Belə bir tədbirin bölgədə təşkil olunması diqqətimizi çəkdi. Festival çərçivəsində müxtəlif əyləncəli oyunlar təşkil edilmişdi və bu oyunlar xüsusilə gənclər üçün çox maraqlı idi. Eyni zamanda, fotosessiya üçün xüsusi və kreativ məkanlar qurulmuşdu ki, bu da iştirakçılara xoş anlar yaşamağa imkan verdi. Biz də gənclər olaraq həm bu oyunlarda iştirak etdik, həm maraqlı şəkillər çəkdirdik. Həmçinin müxtəlif hədiyyələr qazandıq. Ümumilikdə təəssüratlarımız çox yüksəkdir".
A.Əhmədzadə Mingəçevirdə şəhərsalma ilə bağlı daha çox yeniliklər görmək istədiyini vurğulayıb:
"Mingəçevir "Gənclər şəhəri" kimi tanınır. Belə bir festivalın məhz bu şəhərdə keçirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, Mingəçevir müasir şəhərdir və biz istəyərdik ki, burada şəhərsalma ilə bağlı daha çox yeniliklər həyata keçirilsin. Xüsusilə də şəhərin Kür çayı sahilində yerləşməsini nəzərə alaraq, arzu edərdik ki, gələcəkdə həmin ərazilərdə yeni layihələr və inkişaf yönümlü təşəbbüslər daha da genişləndirilsin".
Şəhər sakini Səbinə Quliyeva da "Far.Az"a açıqlamasında festivalın onda xoş təəssürat yaratdığını qeyd edib.
"Burada əsasən gənclər və uşaqlar üçün müxtəlif əyləncələrin təşkil olunduğunu görürəm və bu da tədbiri daha maraqlı edir. Bu festivala gəlməkdə əsas məqsədim məlumatlanmaqdır. Xüsusilə şəhərsalma forumu çərçivəsində Mingəçevir üçün hansı yeni layihələrin nəzərdə tutulduğunu öyrənmək istəyirəm. Bu cür yeniliklər haqqında məlumat əldə etmək bizim üçün çox maraqlı və xoşdur".
Daha bir müsahib Əlizamin Səfərov "Far.Az"a bildirib ki, bu festivalda iştirak etmək onun üçün çox xoşdur və bir tələbə üçün bu, gündəlik rejimdən fərqli bir dəyişiklikdir:
"Adətən dərs və ev arasında vaxt keçiririk, amma belə festivalların Mingəçevir şəhərində təşkil olunması bizi həqiqətən sevindirir. Burada həm yeni məlumatlar öyrənirik, həm də vaxtımızı səmərəli və maraqlı keçiririk. Qeyd etmək istərdim ki, təkcə paytaxtda deyil, regionlarda da bu cür tədbirlərin və festivalların keçirilməsi biz gənclər üçün çox önəmlidir. Bu, bizə xoş təəssüratlar bəxş edir və sosial baxımdan daha aktiv olmağımıza imkan yaradır".