AZ

Hörmüz böhranı və qlobal neft bazarında yeni qeyri müəyyənlik mərhələsi

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hörmüz boğazında ABŞ tərəfindən blokada vəziyyətinin davam etməsi neft və qaz daşımalarını demək olar ki, tam dayanma həddinə çatdırıb.

Belə bir kritik tranzit marşrutunun açılması qlobal enerji bazarlarında təklifin artması və qiymətlərin sabitləşməsi ilə nəticələnməlidir. Lakin hazırkı şəraitdə bazar mexanizmləri bu qədər sadə işləmir və mövcud dinamika göstərir ki, fiziki axının bərpası ilə bazar tarazlığının normallaşması arasında ciddi struktur boşluğu mövcuddur.

Boğazın açılması faktiki olaraq neftin dərhal bazara daxil olması demək deyil. Əksinə, əvvəlki dövrdə yığılmış logistik gecikmələr, limanlarda toplanmış yüklər və daşınma zəncirində yaranmış fasilələr təklifin bazara çatmasını əhəmiyyətli dərəcədə ləngidir. Bu isə bazarın hələ də şokdan sonrakı mərhələyə adaptasiya olmalı olduğunu göstərir. Başqa sözlə, bazar hadisənin baş verməsindən çox, onun gecikmiş nəticələri ilə üzləşir.

İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, burada diqqət yetirilməli əsas məqamlardan biri də bazarın blokadanın tam təsirini hələ hiss etməməsidir. Bu fikir ilk baxışdan paradoksal görünsə də, əslində neft bazarının işləmə prinsipləri ilə tam uzlaşır. Blokada dövründə bir çox istehlakçı ölkələr və iri enerji şirkətləri mövcud ehtiyatlardan istifadə edərək qısamüddətli çatışmazlığı kompensasiya edə biliblər. Lakin bu strategiya müvəqqətidir və ehtiyatların azalması ilə birlikdə bazarda real təklif çatışmazlığı daha aydın hiss olunmağa başlayır. Məhz bu mərhələdə qiymətlər üzərində yuxarı yönlü təzyiq daha kəskin şəkildə özünü göstərir.

“Başqa mühüm faktor isə ehtiyatların yenidən formalaşdırılması prosesidir. Boğazın açılması ilə paralel olaraq bazarda yalnız cari tələbat deyil, həm də əlavə tələb formalaşacaq. Yəni ölkələr və şirkətlər təkcə gündəlik istehlakı təmin etmək üçün deyil, eyni zamanda azalmış ehtiyatlarını bərpa etmək üçün də əlavə həcmdə neft almağa başlayacaqlar. Bu isə bazarda ikili tələb effekti yaradacaq: həm cari istehlak, həm də ehtiyatların bərpası. Nəticədə, təklif tam bərpa olunmadığı şəraitdə tələb artımı qiymətlər üzərində əlavə təzyiq formalaşdıracaq”, – deyə ekspert bildirib.

İqtisadçının fikrincə, neft bazarında qiymət dinamikası yalnız fiziki axınlarla deyil, həm də gözləntilər və davranış modelləri ilə formalaşır. Hörmüz boğazı kimi strateji bir nöqtədə baş verən hər hansı fasilə bazarda risk ehtimalını artırır və bu riskin aradan qalxması zaman tələb edir. Boğazın açılması isə riskin tam sıfırlanması deyil, sadəcə azalması kimi qiymətləndirilir və bu da qiymətlərə təsir etməyə davam edir.

Digər mühüm məqam logistik faktorların roludur. Enerji bazarlarında çox vaxt istehsal həcmlərinə fokuslanılsa da, məhsulun bazara çatdırılması da eyni dərəcədə vacibdir. Logistik gecikmələr qısamüddətli təklif şoklarını uzada və bazar balansının bərpasını ləngidə bilər.

Eyni zamanda, geosiyasi qeyri-müəyyənlik tam aradan qalxmayıb. Hörmüz boğazının açılması müsbət siqnal olsa da, regionda risklərin tam yox olması demək deyil. Bu da bazar iştirakçılarında ehtiyatlı davranışı gücləndirir və əlavə ehtiyat toplama meylini artırır.

Bütün bu amilləri nəzərə alaraq, hazırkı şəraitdə neft qiymətlərində kəskin və davamlı artım qaçılmaz sayılmır. Eyni zamanda, qiymətlərin sürətli enməsi üçün də güclü əsaslar mövcud deyil. Daha real ssenari qiymətlərin müəyyən müddət dalğalanması və yüksək volatillik şəraitində davam etməsidir.

Ümumilikdə, Hörmüz boğazındakı vəziyyət təkcə fiziki axınların bərpası deyil, həm də bazarın gözlənti, logistika və geosiyasi risklərə uyğunlaşdığı mərhələli bir proses kimi qiymətləndirilir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
bizimyol.info

1Mənbələr