AZ

CNN-in qurucusu Ted Törner vəfat edib

24 saatlıq ilk xəbər kanalının yaradıcısı 87 yaşında dünyasını dəyişib...

Poliqon xəbər verir ki, ABŞ-ın tanınmış media maqnatı, xeyriyyəçi və dünyanın ilk 24 saat yayımlanan xəbər kanalı olan CNN-in qurucusu Ted Turner 87 yaşında vəfat edib. Onun ailə üzvlərinin əhatəsində dünyasını dəyişdiyi barədə Bloomberg Agentliyi və CNN telekanalı məlumat yayıb. Məlumat Turner Enterprises şirkətinin rəsmi açıqlamasına əsaslanır.

Nekroloqda qeyd olunur ki, Ted Törnerə 2018-ci ildə Levi cisimcikli demensiya diaqnozu qoyulmuşdu. Bundan əlavə, 2025-ci ilin əvvəlində o, pnevmoniya səbəbilə xəstəxanaya yerləşdirilmiş, daha sonra reabilitasiya müalicəsi keçmişdi.

1938-ci ildə ABŞ-ın Ohio ştatında anadan olan Ted Törner əmək fəaliyyətinə atasına məxsus reklam agentliyində başlayıb. O, cəmi 24 yaşında şirkətin rəhbərliyini üzərinə götürərək biznesi genişləndirməyə başlayıb. Daha sonra radio və televiziya stansiyalarını satın alaraq Turner Broadcasting System media imperiyasını formalaşdırıb.

Törnerin ən böyük nailiyyəti 1980-ci ildə CNN kanalını yaratması hesab olunur. O, peyk vasitəsilə kabel operatorlarına siqnal ötürülməsi kimi dövrü üçün innovativ texnologiyaları tətbiq edərək dünya jurnalistikasında yeni mərhələnin əsasını qoyub. CNN-in canlı və fasiləsiz xəbər yayımı konsepsiyası beynəlxalq media məkanını köklü şəkildə dəyişdirib.

Ted Törner xüsusilə 1991-ci ildə Körfəz müharibəsinin işıqlandırılması zamanı böyük nüfuz qazanıb. Time jurnalı onu həmin il “İlin adamı” elan etmişdi. Bu müharibə tarixdə ilk dəfə real vaxt rejimində televiziya vasitəsilə yayımlanmış və milyonlarla insan qlobal hadisələrin birbaşa şahidinə çevrilmişdi.

Media fəaliyyəti ilə yanaşı, Törner genişmiqyaslı xeyriyyə layihələri ilə də tanınırdı. O, ekoloji təşəbbüslərə fəal dəstək göstərib, həmçinin kütləvi qırğın silahlarının yayılmasının qarşısını almağa yönəlmiş beynəlxalq təşkilatların yaradıcılarından biri olub.

Əfsanəvi media sahibinin beş övladı, 14 nəvəsi və iki nəticəsi qalıb.

Poliqon.info

Seçilən
58
poliqon.info

1Mənbələr