Brüssel, 7 may, AZƏRTAC
Belçikada əmək vergilərinin digər ölkələrlə müqayisədə yüksək olmasının səbəbləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, yerli medianın məlumatına görə, ölkədə tətbiq olunan mürəkkəb və çoxpilləli vergi sistemi əsas amillərdən biri hesab olunur.
Bildirilir ki, Belçikada gəlir vergisi proqressiv xarakter daşıyır və 25 faizdən başlayaraq 50 faizə qədər yüksəlir. Bu isə yüksək gəlir əldə edən şəxslərin daha çox vergi ödəməsi ilə nəticələnir.
Eyni zamanda, sosial sığorta ödənişləri də ümumi vergi yükünü artırır. İşçilər maaşlarının təxminən 13 faizini sosial fondlara ödədiyi halda, işəgötürənlər əlavə olaraq 25–32 faiz həcmində ödəniş edir.
Mütəxəssislər qeyd edir ki, yüksək vergilər dövlətin geniş sosial proqramlarını – pensiya, səhiyyə və işsizlik müavinətlərini maliyyələşdirmək məqsədi daşıyır.
Bununla yanaşı, bələdiyyə səviyyəsində tətbiq olunan əlavə vergilər də ümumi yükü artırır. Nəticədə Belçika OECD ölkələri arasında əmək vergisinin ən yüksək olduğu ölkələrdən biri olaraq qalır.