Kabo-Verde sahilləri yaxınlığında “MV Hondius” kruiz gəmisi ciddi epidemioloji vəziyyətlə üzləşib.
Musavat.com xəbər verir ki, gəmidə Hantavirus infeksiyası şübhəsi ilə yoluxma halları qeydə alınıb.
Məlumata görə, artıq azı üç nəfərin həyatını itirdiyi bildirilir. İlk olaraq 70 yaşlı sərnişin vəfat edib, daha sonra onun həyat yoldaşı dünyasını dəyişib. Üçüncü ölən şəxsin kimliyi isə hələ dəqiqləşdirilir.
Bundan əlavə, Böyük Britaniya vətəndaşı olan bir nəfərin vəziyyəti kritik olaraq qiymətləndirilir. İki ekipaj üzvünün də təcili tibbi yardıma ehtiyacı olduğu bildirilir. Yoluxanların sayının daha çox ola biləcəyi istisna edilmir.
Gəmi sahil xidmətlərindən yardım istəyib, lakin sərnişinlərin sahilə çıxışına icazə verilmir. Hazırda yerli hakimiyyət orqanları və Ümumdünya Səhiyyə Təşkilatı vəziyyətə müdaxilə edib və xəstələrin necə təxliyə olunacağı müzakirə olunur.
Qeyd olunur ki, hantavirus nadir, lakin təhlükəli infeksiyadır və əsasən gəmiricilər vasitəsilə yayılır. Xəstəlik ağır keçərək tənəffüs sisteminə ciddi ziyan vura bilər.
Musavat.com