Bakı, 7 may, AZƏRTAC
Sinqapurda qəbul olunan yeni tövsiyələrə əsasən, digər şagirdlərə qarşı bulinq hərəkətlər edən, o cümlədən kibertəqibə yol verən oğlan məktəblilər son tədbir kimi çubuqla cəzalandırılacaq.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, parlamentdə müzakirə olunan yeni qaydalara əsasən, oğlanlara üç zərbəyədək çubuq cəzası verilə bilər.
Beynəlxalq təşkilatlar isə uşaqlara qarşı fiziki cəzaların tətbiqinə qarşı çıxaraq bildirirlər ki, bu, onların fiziki və psixi sağlamlığına zərər vurur və zaman keçdikcə davranış problemlərini daha da ağırlaşdırır.
Təhsil naziri Desmond Li qanunvericilərə bildirib ki, fiziki cəzalar yalnız xətanın ağırlığı nəzərə alınmaqla bütün digər tədbirlərin yetərsiz olduğu hallarda tətbiq ediləcək.
“Şagirdin təhlükəsizliyini təmin etmək üçün ciddi protokollara əməl olunur. Məsələn, çubuq cəzası məktəb direktoru tərəfindən təsdiqlənməli və yalnız səlahiyyətli müəllimlər tərəfindən icra edilməlidir. Məktəblər şagirdin yetkinlik səviyyəsini, həmçinin çubuq cəzasının onun səhvindən nəticə çıxarmasına və törətdiyi əməlin ciddiliyini anlamasına kömək edib-etməyəcəyi kimi amilləri nəzərə alacaqlar”, – deyə o bildirib.
Bu tədbirlər məktəblərdə zorakılıq probleminə həsr olunmuş bir illik araşdırmanın nəticələri əsasında, həmçinin ötən il məktəblərdə baş verən bir neçə səs-küylü bulinq hadisəsinin ictimai diqqət çəkməsindən sonra qəbul olunub.