Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Böyük Britaniyada keçirilən yerli seçkilər Baş nazir Kir Starmer və hakim Leyboristlər Partiyası üçün ciddi sınağa çevrilib. Partiyanın İngiltərədə rekord sayda bələdiyyə mandatı itirə biləcəyi bildirilir və nəticələrin Starmerin siyasi gələcəyinə təsir göstərəcəyi ehtimal olunur.
Bizimyol.info xəbər verir ki, seçki günü yayımladığı müraciətdə Starmer seçiciləri Reform UK və Yaşıllar Partiyasına səs verməməyə çağırıb. O, Reform UK lideri Naycel Faraj və Yaşılların nümayəndəsi Zak Polanskinin “qlobal qeyri-sabitlik dövründə ölkəyə rəhbərlik etməyə uyğun olmadığını” bildirib. Starmer vurğulayıb ki, yalnız Leyboristlər Partiyası milli maraqları qorumağa qadirdir.
“The Guardian”ın məlumatına görə, partiya daxilində 1500-dən çox mandat itkisi “mövcudluq böhranı” kimi qiymətləndirilir. Oksford Universitetinin eksperti Stiven Fişer isə Leyboristlərin təxminən 1900 yer itirə biləcəyini proqnozlaşdırıb.
Leyboristlər Londonun Vestminster və Uondsvort kimi ənənəvi mühafizəkar bölgələrində mövqelərini qorumağa ümid etsələr də, Reform UK-nin Barnsli və Sanderlend kimi ənənəvi Leyborist bölgələrində üstünlük qazanacağı gözlənilir.
Şotlandiyada Şotlandiya Milli Partiyasının (SNP) parlament seçkilərində yenidən qələbəyə yaxın olduğu, Uelsdə isə Leyboristlərin hakimiyyəti Plaid Cymru partiyasına uduza biləcəyi bildirilir.
Partiya daxilində bəzi deputatlar mümkün uğursuz nəticələrdən sonra rəhbərlik dəyişikliyi məsələsinin gündəmə gələ biləcəyini istisna etmirlər. Bununla yanaşı, Starmer hökumətin yeni iqtisadi kursunu yaxın günlərdə açıqlamağa hazırlaşır. Leyboristlərin bəzi qanadları isə daha radikal sosial-iqtisadi islahatlar tələb edir.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.