AZ

İspaniyada 150 milyon illik nadir dinozavr kəlləsi tapılıb

İspaniyada paleontoloqlar steqozavra aid olduqca yaxşı qorunmuş kəllə sümüyü aşkar ediblər. Alimlərin fikrincə, bu tapıntı Yer üzündə yaşamış ən məşhur dinozavrlardan birinin anatomiyası və təkamül tarixini daha dərindən öyrənmək üçün nadir imkan yaradır...

Poliqon Daily Galaxy-yə istinadən xəbər verir ki, təxminən 150 milyon il yaşı olan və Yura dövrünün sonlarına aid edilən kəllə böyük ehtimalla “Dacentrurus armatus” növünə məxsusdur. Fosil İspaniyanın Teruel bölgəsində yerləşən Vilyar-del-Arsobispo geoloji formasiyasında aşkarlanıb.

Steqozavrların kəllələri olduqca nadir hesab olunur. Bunun səbəbi onların sümüklərinin nazik və kövrək olması, milyonlarla il ərzində isə yaxşı qorunub saxlanmamasıdır. Bu günə qədər məlum olan əksər steqozavr növləri yalnız qismən skelet qalıqları ilə təmsil olunurdu ki, bu da onların baş anatomiyasının bərpasını çətinləşdirirdi.

Teruel-Dinopolis Paleontologiya Fondunun məlumatına görə, tapılan nümunə Avropada indiyədək aşkarlanmış ən tam steqozavr kəlləsidir. Fosildə alın, gözətrafı, təpə, pulcuqvari və ənsə sümükləri, eləcə də boyun fəqərəsi qorunub saxlanılıb. Bu xüsusiyyətlər onun "Dacentrurus armatus" növünə aid olduğunu təsdiqləyir.

Alimlər hesab edirlər ki, bu tapıntı steqozavrların anatomiyası, qidalanma vərdişləri və ətraf mühitlə qarşılıqlı əlaqəsi barədə yeni məlumatlar əldə etməyə imkan verəcək.

Yeni tapılan kəllə steqozavrların təkamülünə dair mövcud baxışların yenidən nəzərdən keçirilməsinə də səbəb olub. Araşdırma qrupu 30 fosil qrupu üzrə 115 anatomik xüsusiyyəti müqayisə edib və nəticədə "Neostegosauria" adlı yeni təkamül qolu müəyyənləşdirilib.

Bu qrupa Avropa, Afrika, Şimali Amerika və Asiyada yaşamış steqozavrlar daxildir. Yeni təsnifat bu dinozavrların yayılması və inkişafı ilə bağlı əvvəlki bəzi nəzəriyyələrə meydan oxuyur.

Kəllənin tapıldığı "Estan de Kolon" qazıntı sahəsi paleontoloqlar üçün mühüm əraziyə çevrilib. Burada indiyədək təxminən 200 fosil aşkarlanıb. Onların arasında müxtəlif inkişaf mərhələlərində olan ən azı iki steqozavrın qalıqları da var. Bundan başqa, ərazidə teropod, zauropod, ornitopod və hətta qədim balıq fosilləri də tapılıb.

Poliqon.info

Seçilən
1
poliqon.info

1Mənbələr