Diyetoloqlar bildirirlər ki, arıqlamağa çalışan insanların nahar zamanı mütləq qəbul etməli olduğu əsas qida elementi zülaldır...
Poliqon xəbər verir, EatingWell portalının yazdığına görə, zülal əzələ kütləsinin qorunması, aclıq hissinin idarə olunması və enerji səviyyəsinin sabit saxlanması üçün orqanizmə lazım olan maddələri təmin edir.
Mütəxəssislər zülalın arıqlama prosesində niyə vacib rol oynadığını və onu gündəlik qidalanmaya necə əlavə etməyin mümkün olduğunu izah ediblər.
Zülal toxluq hissini daha uzun saxlayır
Diyetoloq Daniel Makklellan bildirib ki, naharda kifayət qədər zülal qəbul etmək yemək istəyinin azalmasına, günün ikinci yarısında nəzarətsiz qəlyanaltıların qarşısının alınmasına və kalori limitinə daha rahat riayət edilməsinə kömək edir.
Diyetoloq Loren Hyubertin sözlərinə görə, bunun səbəbi zülalın aclıq hormonu hesab olunan qrelinin səviyyəsini azaltması və toxluq hormonlarının səviyyəsini artırmasıdır.
Bundan əlavə, zülal daha gec həzm olunur və yüksək termogen təsirə malikdir. Yəni orqanizm onu emal edərkən daha çox kalori sərf edir.
Əzələ kütləsinin qorunmasına kömək edir
Loren Hyubert qeyd edib ki, zülal bədən quruluşunun dəyişməsində və yağ faizinin azalmasında əsas amillərdən biridir.
Onun sözlərinə görə, kalori çatışmazlığı yaradıldıqda orqanizmin zülala ehtiyacı artır. Araşdırmalar göstərir ki, az kalorili qidalanma əzələ toxumasının parçalanması riskini yüksəldə bilər.
Mütəxəssis gündə üç əsas qida qəbulu zamanı, o cümlədən naharda ən azı 30 qram keyfiyyətli zülal qəbul etməyi tövsiyə edir.
O əlavə edib ki, süd məhsulları və yumurta kimi leytsinlə zəngin zülal mənbələrinə üstünlük vermək faydalıdır.
Qanda şəkərin kəskin dəyişməsinin qarşısını alır
Mütəxəssislər bildirirlər ki, nahar əsasən karbohidratlardan ibarət olduqda qanda şəkərin səviyyəsi sürətlə yüksəlir və sonra eyni sürətlə aşağı düşür. Bu isə yorğunluq və aclıq hissi yaradır.
Loren Hyubert qeyd edib ki, karbohidratları zülalla birlikdə qəbul etmək bu dəyişikliklərin qarşısını almağa kömək edir.
Onun sözlərinə görə, məsələn, bir dilim çörək və ya meyvədən alınan 15-20 qram karbohidrat qanda şəkərə tək qəbul edildikdə başqa, 30-35 qram zülalla birlikdə qəbul edildikdə isə tam fərqli təsir göstərir.
Naharda zülalı artırmağın yolları
Mütəxəssislər nahara daha çox zülal əlavə etmək üçün bir neçə sadə üsul tövsiyə edirlər:
– Yunan yoqurtu və ya kəsmik əlavə etmək. Bu üsul gündəlik zülal qəbulunu 15-20 qram artırmağa kömək edə bilər.
– Konservləşdirilmiş balıq seçmək. Diyetoloqlar tuna, qızılbalıq və ya sardina kimi hazır zülal mənbələrinin saxlanmasını məsləhət görürlər.
– Protein tozundan istifadə etmək.
– Salatlara qoz-fındıq, toxum və ya paxlalılar əlavə etmək. Balqabaq toxumu, çətənə toxumu və ya edamame əlavə etməklə nahara əlavə 7-12 qram zülal qatmaq mümkündür.
Poliqon.info