Braziliyanın tanınmış ifaçılarından olan, səhnədə Zau O Pasaru təxəllüsü ilə çıxış edən İzak Bruno Koni Silva faciəvi avtomobil qəzasında həyatını itirib.
Publika.az xəbər verir ki, 27 yaşlı sənətçi ölümündən bir gün əvvəl Barreyras şəhərində konsert proqramı ilə çıxış edib. Bahia ştatında keçirilən tədbirə biletlərin tam satıldığı, hətta bəzi pərəstişkarların konsertə qatıla bilmədiyi bildirilir.
Konsertdən sonra Silva üç həmkarı ilə birlikdə Lauro de Freitas şəhərində yerləşən evinə yollanıb. Mayın 4-də səhər saatlarında onun idarə etdiyi SUV tipli avtomobil magistral yolda yük maşını ilə toqquşub.
Qəzanın güclü zərbəsi nəticəsində xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsləri çıxarmaq üçün qapıları xüsusi alətlərlə kəsməli olublar.
Müğənniyə hadisə yerində ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.