Hizbullahın yüksək rütbəli hərbi lideri Malek Ballut İsrailin Beyrutun Haret Horeik məhəlləsinə endirdiyi zərbə nəticəsində öldürülüb.
Musavat.com xəbər verir ki, məlumatı təşkilatın adı açıqlanmayan nümayəndəsi Əl-Cədid televiziyasına açıqlayıb.
Onun sözlərinə görə, Hizbullah “Radvan” xüsusi təyinatlı qüvvələrinin hərbi əməliyyatlarına komandanlıq edən Ballutun ölümünə yas tutur.
İsrailin Kan dövlət televiziyası Radvan xüsusi təyinatlı qüvvələrinin komandirini öldürmək məqsədi ilə Beyruta hədəfli zərbə endirmək üçün ABŞ-dan icazə alındığına dair məlumat yayıb.
Telekanalın məlumatına görə, bu, Livanla mövcud atəşkəs rejiminin başlamasından bəri Beyruta İsrailin ilk zərbəsi olub. Kan xəbər verir ki, zərbə Radvan komandirinin yeri barədə dəqiq məlumat alındıqdan sonra həyata keçirilib. O, İsrailin əvvəllər ABŞ prezidenti Donald Trampın Livan paytaxtına hücum etməmək xahişinə uyğun olaraq Beyruta zərbə endirməkdən çəkindiyini qeyd edib.
Baş nazir Beynamin Netanyahu isə İsrailin əlinin uzun olduğunu və terrorçulara hər yerdə çatdığını bəyan edib.
Musavat.com