AZ

Qara dəniz kurortlarından kütləvi imtinalar başladı

Rusiyada turistlər Qara dəniz sahillərində yerləşən kurortlar üçün etdikləri bronları kütləvi şəkildə ləğv etməyə başlayıblar.

Publika.az xəbər verir ki, buna səbəb bölgədə baş verən neft məhsulları sızması və ekoloji vəziyyətlə bağlı narahatlıqlardır. Xüsusilə Krasnodar diyarı və Tuapse istiqamətində istirahət planlaşdıran turistlər səfərlərdən imtina edir.

Turizm sektorunda çalışan nümayəndələrin sözlərinə görə, insanlar dəniz sahillərindəki ekoloji durumun yay mövsümünə qədər tam bərpa olunacağına inanmırlar. Bu səbəbdən bir çox turist alternativ istirahət məkanları axtarmağa başlayıb.

Məlumata görə, son həftələrdə Tuapse bölgəsində neft məhsullarının dənizə və sahilboyu ərazilərə yayılması ilə bağlı xəbərlər ciddi narahatlıq yaradıb. Sosial şəbəkələrdə çirklənmiş çimərliklər və qaralmış sahillərlə bağlı görüntülər yayılıb.

Ekspertlər bildirirlər ki, vəziyyət turizm sektoruna ciddi iqtisadi zərbə vura bilər. Xüsusilə yay mövsümündə Qara dəniz sahillərinə turist axınının azalacağı ehtimal edilir.

Seçilən
75
publika.az

1Mənbələr