İran Limanları və Dənizçilik Təşkilatı Hörmüz boğazında və ona bitişik sularda fəaliyyət göstərən ticarət gəmilərinə xidmət göstərməyə hazır olduğunu açıqlayıb.
İranın İRNA xəbər agentliyi tərəfindən dərc edilən yazılı açıqlamada İran limanlarının ümumi dənizçilik xidmətləri texniki dəstək, qida təchizatı, tibbi yardım və müalicə təmin etməyə hazır olduğu bildirilib.
Bölgədəki bütün gəmilərin, xüsusən də İranın ərazi sularında və lövbər salan gəmilərin, lazım gələrsə, yanacaq, ərzaq, tibbi xidmətlər və təsdiq edilmiş təmir materialları təchizatına çıxış əldə edə biləcəyi vurğulanır.
Mesaj üç gün ərzində gündə üç dəfə regional dəniz rabitə kanalları və VHF sistemləri vasitəsilə yayımlanacaq.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp mayın 4-də ABŞ-ın Hörmüz boğazında qalan neytral ölkələrdən gələn ticarət gəmilərini müşayiət etmək məqsədi daşıyan “Azadlıq Layihəsi”nə başladığını elan etmişdi. O, gəmilərin qida və əsas resurslar çatışmazlığı ilə üzləşdiyini və əməliyyatın humanitar xarakter daşıdığını iddia etmişdi.
P.ƏMİRCANOV
XQ