AZ

Moskva gənc casuslarını necə hazırlaylr?

Rusiya Almaniya və Qərbə qarşı kiberhücumlar və dezinformasiya kampaniyalarını genişləndirib...

Der Spiegel nəşri, Almaniya

Qısa tünd sarı saçlı arıq gənc Federal Təhqiqat Bürosunun (FBI) axtarış siyahısında yer alan Vladislav Borovkovdur. ABŞ hüquq-mühafizə orqanları onun Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) 29155 saylı bölməsi üçün çalışdığını bildirir. İddialara görə, Borovkov xəstəxanalardan enerji infrastrukturuna qədər bir çox Qərb ölkəsində kiberhücumlarda iştirak edib. ABŞ onu ələ keçirməyə kömək edəcək məlumat üçün 10 milyon dollar mükafat elan edib.

Araşdırmada qeyd olunur ki, Borovkov peşəkar fəaliyyətinə Moskvadakı Bauman Universitetində başlayıb. Universitet Rusiyanın ən nüfuzlu texniki ali məktəblərindən biri hesab olunur. Burada 30 mindən çox tələbə təhsil alır və rəsmi olaraq mühəndislik, informatika, kosmik texnologiyalar kimi sahələr üzrə kadr hazırlanır.

Lakin sənədlərə görə, universitetin gizli funksiyası da mövcuddur. “Xüsusi hazırlıq” adlanan 4-cü kafedrada tələbələr QRU üçün agent, haker və diversant kimi hazırlanırlar. Der Spiegel və tərəfdaş media qurumlarının araşdırdığı 2000-dən çox daxili sənəd bu sistemin miqyasını ilk dəfə geniş şəkildə ortaya qoyub.

Araşdırmada Fransanın Le Monde, Böyük Britaniyanın The Guardian, Rusiyanın müxalif The Insider nəşri, eləcə də Şərqi Avropa araşdırma platformaları olan Delfi, VSquare və Frontstory iştirak edib.

Qərbə qarşı hibrid müharibə genişləndirilib

Sənədlərə əsasən, Moskva uzun müddətdir Qərbə qarşı çoxşaxəli fəaliyyət həyata keçirir. Buraya kompüter şəbəkələrinə sızma, casusluq, təbliğat, sabotaj və hətta qətllər daxildir.

Almaniyanın Federal Cinayət Polisi və Konstitusiyanın Mühafizəsi İdarəsi hər il yüzlərlə şübhəli sabotaj hadisəsi qeydə alır. Almaniya kansleri Fridrix Merts ötən payız bildirib ki, “biz artıq nə tam müharibə, nə də tam sülh vəziyyətindəyik”.

Sızdırılmış materiallarda Aleksey Kondraşov adlı tələbənin nümunəsi xüsusi qeyd olunur. O, 2024-cü ildə Bauman Universitetinin Hərbi Tədris Mərkəzini bitirərək leytenant rütbəsi alıb və daha sonra Rusiyanın məşhur “Sandworm” kiberbölməsinə göndərilib.

“Sandworm” QRU-nun ən məşhur kiberhücum qruplarından biri hesab olunur. Bu qrupun 2017-ci ildə Fransada prezident seçkiləri zamanı Emmanuel Macron əleyhinə hücumlarda, Ukraynada enerji şəbəkələrinin iflic edilməsində və “NotPetya” adlı dağıdıcı virusun yayılmasında iştirak etdiyi bildirilir. Həmin hücum nəticəsində dünyanın 100-dən çox ölkəsində böyük şirkətlər zərər görüb.

QRU-nun yeni kadr bazası

Araşdırmaya görə, Bauman Universitetinin 4-cü kafedrası üç “hərbi ixtisas” üzrə fəaliyyət göstərir. Onlardan biri “Xüsusi kəşfiyyat xidməti” adlanır və birbaşa QRU ilə əlaqələndirilir.

Burada tələbələr informasiya müharibəsi, elektron kəşfiyyat, IT təhlükəsizliyi və kiberhücum metodları üzrə təhsil alırlar. Sənədlərdə göstərilir ki, QRU imtahan proqramlarını müəyyənləşdirir, namizədləri təsdiqləyir və tədris xərclərinə nəzarət edir.

Tədrisdə Rusiyanın ən yüksək səviyyəli hərbi hakerlərinin də iştirak etdiyi bildirilir. Onlardan biri ABŞ-də 2016-cı il seçkilərinə müdaxilə ilə əlaqələndirilən “Fancy Bear” qrupunun keçmiş rəhbəri general-mayor Viktor Netykşodur.

Tələbələrə kompüter virusları, “trojan” proqramları, şifrələrin qırılması, serverlərə sızma və DDoS hücumları kimi üsullar öyrədilir. Kursların sonunda onlar test serverlərini sındırmalıdırlar.

Gizli müşahidə və casusluq texnikaları öyrədilir

Tədris proqramında telefonların dinlənilməsi, gizli kameralar, uzaq məsafədən müşahidə cihazları və xüsusi detektorlarla casusluq qurğularının aşkarlanması kimi mövzular da yer alıb.

Kafedranın rəhbər şəxslərindən olan podpolkovnik Kirill Stupakov tələbələrə dinləmə və müşahidə texnikalarını öyrədir. Sızdırılmış sənədlərə görə, onun özü də əvvəllər QRU ilə əlaqəli bölmələrdə xidmət edib.

Maraqlıdır ki, Stupakov ictimai Telegram çatlarında Rusiya rəhbərliyini tənqid edib. O, keçmiş prezident Dmitry Medvedev haqqında təhqiramiz ifadələr işlədib, Vladimir Putin-i “qoca” adlandırıb və Ukrayna müharibəsinin “Rusiya üçün pis bitəcəyini” yazıb.

Buna baxmayaraq, tələbələrə təqdim olunan materiallarda Ukraynaya qarşı müharibə “qaçılmaz” kimi təqdim olunur və Qərbə qarşı sərt təbliğat aparılır.

Almaniya xüsusi diqqət mərkəzindədir

Sənədlərə əsasən, tələbələr ABŞ xüsusi xidmət orqanları – Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Federal Təhqiqat Bürosu (FBI) və Milli Təhlükəsizlik Agentliyinin (NSA) fəaliyyətini də öyrənirlər.

Lakin ən çox diqqət yetirilən xarici ordulardan biri Almaniya Bundesveridir. Tədris proqramlarında Almaniyanın informasiya təhlükəsizliyi sistemi və hərbi bölmələrinin silahlanması ayrıca öyrədilir.

Materiallarda pilotsuz uçuş aparatları da geniş yer tutur. Burada ABŞ istehsalı olan “Switchblade 300”, Norveçin “Black Hornet” kəşfiyyat dronu və Almaniyanın “Quantum Systems” şirkətinin istehsal etdiyi “Vector” pilotsuz aparatı barədə məlumatlar yer alır.

Qərb də casus axtarışını genişləndirib

Məqalədə qeyd olunur ki, Qərb ölkələri də son illərdə kəşfiyyat xidmətlərinə yeni əməkdaşlar cəlb etməyə çalışır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi universitetlərdə aktiv iş aparır, Böyük Britaniyanın MI6 xidməti isə elit ali məktəblərlə əməkdaşlıq edir.

Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) də 2024-cü ildə geniş reklam kampaniyasına başlayıb. Xidmət xüsusilə IT mütəxəssisləri və kibertəhlükəsizlik üzrə kadrlar axtarır.

Dezinformasiya kampaniyaları ayrıca fənn kimi tədris olunub

Bauman Universitetinin gizli proqramında “Təbliğat kampaniyasının hazırlanması” adlı seminar da yer alıb. Tələbələrə manipulyasiya, gizli təbliğat və psixoloji təsir üsulları öyrədilir.

Tapşırıqlardan birində tələbələrdən “manipulyasiya və gizli təbliğat vasitəsilə sosial video hazırlamaq” tələb olunur.

Araşdırmada qeyd edilir ki, Rusiya təbliğat maşını Almaniyada keçirilən son seçkilər zamanı da fəal olub. Sosial şəbəkələrdə kansler Fridrix Merts və “Yaşıllar” partiyasının lideri Robert Habeck barədə saxta məlumatlar yayılıb.

Məqalənin sonunda bildirilir ki, Vladimir Putin ötən il Bauman Universitetinə səfər edib və tələbələrlə görüşüb. Kreml universitetin gizli 4-cü kafedrası barədə açıqlama verməsə də, araşdırma müəllifləri hesab edirlər ki, keçmiş DTK zabiti olan Putin bu sistemdən tam xəbərdardır.

Poliqon.info

Seçilən
54
1
poliqon.info

2Mənbələr