“Azercell Telekom” MMC ilk dəfə olaraq fiziki aktivliyi rəqəmsal mükafatlarla birləşdirən innovativ “GiqaAddım” kampaniyasına start verir. Təşəbbüs sağlam həyat tərzinin və gündəlik fiziki aktivliyin təşviqini hədəfləyir. İndi Azercellabunəçilərinə gündəlik atdıqları addımlar müqabilində mobil internet qazandırır.
Belə ki, “GiqaAddım” kampaniyası çərçivəsində mobil operator gün ərzində 10.000 addım atan abunəçilərinə 1GB internet hədiyyə edir. Bu hədəfə 7 gün ardıcıl çatan abunəçilərə isə 5GB internet təqdim edilir.
Kampaniya tamamilə rəqəmsal şəkildə “Azercell” mobil tətbiqi üzərindən idarə olunur. Kampaniyada iştirak etmək üçün abunəçilər “Azercell” mobil tətbiqini yeniləməli, daha sonra “İndi qoşul” bölməsi vasitəsilə cihazlarında “Sağlamlıq” tətbiqinə giriş icazəsi verməlidirlər. Abunəçilər atdıqları addımları və bonusları izləmək üçün mütəmadi olaraq Azercell tətbiqinə daxil olmalıdırlar.
Gündəlik və həftəlik hədəflər tamamlandıqdan sonra bonusları birbaşa tətbiq üzərindən aktiv etmək mümkündür. Qazanılmış internet paketləri aktivləşdirildiyi andan etibarən 24 saat müddətində etibarlı olacaq.
“GiqaAddım” kampaniyası fakturasız xətt üzrə “DigiMax” və “Premium+”, fakturalı xətt üzrə isə “SuperSən” və “Premium” tarif abunəçiləri üçün təqdim olunur.