AZ

Hörmüz boğazında 1600 gəmi blokadada ilişib qalıb

Regionda yaranmış böhran qlobal daşımalar və enerji bazarları üçün ciddi təhlükə yaradıb...

Poliqon xəbər verir ki, Hormuz boğazı ətrafında vəziyyət kritik həddə çatıb. CNN telekanalının yaydığı məlumata görə, iki aydan artıqdır ki, təxminən 1600 ticarət gəmisi regionda hərəkətsiz vəziyyətdə qalıb.

Bildirilir ki, gəmiçilik şirkətləri təhlükəli zonadan təhlükəsiz çıxış yolları tapmağa çalışarkən görünməmiş logistika və maliyyə riskləri ilə üzləşirlər. ABŞ prezidenti Donald Trump administrasiyasının boğazdan keçid üçün “istiqamətləndirmə” missiyası təşkil etməsinə baxmayaraq, indiyədək yalnız iki gəmi müşayiət altında marşrutu uğurla keçə bilib.

Əksər yükdaşıma şirkətləri isə mövcud şəraitdə tranzit məsuliyyətini təkbaşına üzərinə götürmək istəmir. Çünki hazırkı vəziyyətdə hər hansı hərəkət yalnız milyonlarla dollar dəyərində yükləri deyil, həm də ekipajların həyatını təhlükə altına qoyur.

Məlumata görə, böhranı daha da dərinləşdirən əsas amillərdən biri sığorta şirkətlərinin mövqeyidir. Müharibə dövrü fors-major maddələri sığortaçıları münaqişə zonasındakı zərərlərə görə ödəniş etmək öhdəliyindən faktiki olaraq azad edir. Bu isə yüz milyonlarla dollar dəyərində gəmilərin hərəkətini kommersiya şirkətləri üçün son dərəcə riskli edir.

Ekspertlər hesab edirlər ki, Hörmüz boğazında yaranmış uzunmüddətli blokada qlobal enerji və ticarət bazarlarında ciddi təlatümlərə səbəb ola bilər. Dünyada ixrac olunan neftin mühüm hissəsinin məhz bu strateji marşrutdan daşındığı nəzərə alınarsa, bölgədə gərginliyin artması beynəlxalq iqtisadiyyat üçün də böyük risk hesab olunur.

Poliqon.info

Seçilən
45
poliqon.info

1Mənbələr