Sülh prosesi yalnız siyasi bəyanatlarla deyil, konkret addımlarla müşayiət olunur. Əldə olunan razılaşmalar nəticəsində tranzit məhdudiyyətləri birtərəfli qaydada aradan qaldırılıb və bunun nəticəsi olaraq Azərbaycan ərazisi vasitəsilə Ermənistana artıq 28 min ton yük daşınıb. Bundan əlavə, enerji sahəsində də yeni mərhələnin başlanğıcı qoyulub. İlk dəfə olaraq neft məhsullarının - benzin və dizelin Ermənistana ixracı həyata keçirilib və bu çərçivədə 12 min ton məhsul tədarük edilib. Bu addımlar regionda iqtisadi qarşılıqlı asılılığın formalaşmasına və uzunmüddətli sabitliyin təmininə xidmət edən mühüm mexanizmlər kimi çıxış edir.
Ötən ilin avqust ayında Vaşinqtonda əldə olunmuş razılaşmalar fonunda Ağ Evdə imzalanmış Birgə Bəyannamə və sülh sazişi mətninin paraflanması tərəflər arasında münasibətlərin hüquqi əsaslarının formalaşdırılması baxımından mühüm mərhələ kimi təqdim edilir. Bu prosesdə ABŞ Prezidenti Donald Trampın şahid qismində iştirakı beynəlxalq səviyyədə sülh təşəbbüslərinə verilən dəstəyin göstəricisi kimi qiymətləndirilir. Regionda formalaşan yeni əməkdaşlıq mühitinin mühüm komponentlərindən biri də nəqliyyat-kommunikasiya layihələridir. Xüsusilə "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" kimi təqdim edilən təşəbbüs Azərbaycanı Naxçıvanla birləşdirəcək və eyni zamanda Orta Dəhlizin tərkib hissəsinə çevriləcək. Bu layihə təkcə regional deyil, Avrasiya miqyasında iqtisadi inteqrasiyanı sürətləndirən mühüm strateji xətt kimi dəyərləndirilir".