Türkiyə-Ermənistan danışıqlarında tərcüməçi qismində iştirak edən Gevorq Kaloşyanın qəfil ölümü iki ölkənin mediasında müzakirələrə yol açıb.
Məlumata görə, o, son olaraq Gümrü–Qars dəmir yolunun bərpası və yenidən işə salınması ilə bağlı keçirilən işçi görüşündə yer alıb. Erməni mediasında “Kaloşyanın hansısa böyük sirri bilmə ehtimalı ola bilərdimi, buna görə Ermənistan xüsusi xidməti tərəfindən aradan götürüldüyü mümkündürmü” kimi suallar irəli sürülür.
Musavat.com-a danışan təhlükəsizlik eksperti İlham İsmayıl bildirib ki, tərcüməçi Kaloşyanın Ermənistan xüsusi xidmət orqanları ilə bağlamaq mümkün deyil:
“Ona görə ki, istənilən dövlətlərarası münasibətlərdə tərcüməçilər onsuz da xüsusi xidmət orqanlarının yoxlamasından sonra seçilir və fəaliyyətə başlayır. Qabaqcadan onlardan rəsmi iltizam alınır ki, danışıqlar zamanı öyrəndiyi, eşitdiyi sirlər heç vaxt heç kəsə deyilməyəcək. Mənə belə gəlir ki, tərcüməçi Kaloşyanın ölümü hansısa böyük sirri bilməsi ilə əlaqəli deyil, təbii ölüm baş verib. Türkiyə-Ermənistan münasibətlərinin qurulması istiqamətində danışıqlara xoş münasibət bəsləməyən revanşistlər, daşnaklar tərəfindən tərcüməçinin öldürülməsi də inandırıcı gəlmir”.
Etibar Seyidağa,
Musavat.com