AZ

Ukrayna Starlink vasitəsilə minlərlə Rusiya obyektinin koordinatlarını əldə edib

Ukrayna kiberbölmələri Starlink peyk internet qeydiyyat sistemindəki zəifliklərdən istifadə edərək minlərlə Rusiya mövqeyinin koordinatlarını əldə etmək üçün əməliyyat keçirib.

Herbiand.az bildirir ki, bu barədə The Times qəzeti hərbçilərə və əməliyyat iştirakçılarına istinadən xəbər verir.

SpaceX şirkəti Kiyevin tələbi ilə Ukraynada Starlink terminallarının məcburi qeydiyyatını tətbiq etdikdən sonra icazəsiz cihazlar bloklanıb. Bu, Rusiya qüvvələrinə də təsir edib və iddia edilir ki, onlar 10 minlərlə qanunsuz idxal edilmiş terminaldan dronları idarə etmək və qoşunları əlaqələndirmək üçün istifadə ediblər.

Ukraynalı hakerlər vəziyyətdən istifadə edərək kriptovalyuta müqabilində cihazların qeydiyyatında "kömək" təklif edən Telegram kanalı yaradıblar. Texniki dəstək adı altında istifadəçi məlumatlarını toplayıblar. "Əvvəlcə seriya nömrələri istədik, sonra tədricən GPS koordinatlarına qədər irəlilədik", - əməliyyat iştirakçılarından biri deyib.

Nəticədə 2600-dən çox terminal haqqında məlumat əldə edilib. Toplanan koordinatlar Ukrayna hərbi hissələrinə və Müdafiə Nazirliyinə ötürülüb. Bu, komanda məntəqələrini, dron operatorlarının mövqelərini, sığınacaqları və logistika mərkəzlərini müəyyən etməyə imkan verib.

Ukrayna hərbçilərinin sözlərinə görə, əməliyyatın nəzərəçarpacaq taktiki təsiri olub. Bir briqadanın məsuliyyət zonasında Rusiya zərbələrinin intensivliyi təxminən 45% azalıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
25
herbiand.az

1Mənbələr