YAP Sabunçu rayon təşkilatının “Yavər Əliyev küçəsi 4” (SOCAR-ın Geologiya və Geofizika İdarəsi) ünvanı üzrə ərazi partiya təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Ulu Öndərin büstünün açılışı baş tutub.
“İki sahil” xəbər verir ki, əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov qeyd edib ki, Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğruldub. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən öncə, insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirib.
SOCAR-ın Geologiya və Geofizika İdarəsinin rəis müavini Zaur Axundov bildirib ki, Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir. Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş Ümummilli Lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirdi.
Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Ramil Əliyev çıxışında Heydər Əliyevin siyasi irsinin Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biri olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, Ümummilli Liderin müəyyən etdiyi siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib.
Çıxış edən ərazi partiya təşkilatının sədri Heydər Kazımov qeyd edib ki, Ulu Öndərin ölməz ideyaları bütövlükdə Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmiş və həmin strategiyanın ardıcıl həyata keçirilməsi bu gün də ölkəmizi sürətlə irəli aparır.
Tədbir daha sonra ağacəkmə aksiyası ilə davam etdirilib. Aksiya çərçivəsində ümumilikdə 300-ə yaxın şam ağacı əkilib, yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.
Sonda xatirə şəkili çəkdirilib.