AZ

Vaşinqtonun yeni təhlükəsizlik doktrinası: ABŞ terror anlayışını genişləndirir

ABŞ administrasiyasının açıqladığı yeni Terrorla Mübarizə Strategiyası göstərir ki, Vaşinqton artıq təhlükəsizlik təhdidlərinə yalnız klassik “əl-Qaidə və İŞİD modeli” prizmasından baxmır.

Sənəddə narkotik kartellərinin, transmilli cinayət şəbəkələrinin, radikal islamçı qrupların və hətta zorakı solçu-ekstremist hərəkatların eyni təhlükəsizlik çərçivəsində qiymətləndirilməsi ABŞ-nin terror anlayışını daha geniş və hibrid formaya keçirdiyini göstərir. Bu yanaşma təsadüfi deyil. Çünki son illərdə ABŞ üçün təhlükə təkcə xaricdən gələn silahlı qruplar deyil, həm də daxildə sosial xaos yarada biləcək ideoloji radikallaşma, sərhəd təhlükəsizliyi böhranı və transmilli kriminal şəbəkələrdir.

Xüsusilə narkotik kartellərinin “narko-terrorçu” kimi təqdim edilməsi diqqət çəkir. Bu, Meksika kartellərinə qarşı gələcəkdə daha sərt hərbi və kəşfiyyat əməliyyatlarının hüquqi-siyasi əsasını formalaşdırmaq məqsədi daşıya bilər. ABŞ artıq kartelləri sadəcə cinayətkar struktur yox, milli təhlükəsizlik təhdidi kimi təqdim edir. Bu isə sərhəd siyasətinin sərtləşdirilməsi, xüsusi əməliyyatların genişləndirilməsi və Latın Amerikası üzərində təzyiqin artması deməkdir. Vaşinqton faktiki olaraq terrorla mübarizə konsepsiyasını narkotik və miqrasiya siyasəti ilə birləşdirir.

Sənədin ən diqqətçəkən hissələrindən biri isə Avropaya yönələn mesajlardır. ABŞ açıq şəkildə bildirir ki, bəzi NATO müttəfiqləri terrorçular üçün maliyyə, logistika və cəlbetmə mərkəzinə çevrilib. Bu ifadələr Vaşinqtonun Avropanın təhlükəsizlik siyasətindən narazılığını göstərir. Xüsusilə “nəzarətsiz kütləvi miqrasiya” vurğusu ABŞ daxilində güclənən sağ-mühafizəkar təhlükəsizlik yanaşmasının Avropa istiqamətinə də daşındığını göstərir. Burada əsas mesaj odur ki, liberal miqrasiya siyasəti uzunmüddətli perspektivdə təhlükəsizlik boşluğu yaradır və radikal qrupların Qərb cəmiyyətlərinə sızmasını asanlaşdırır.

Bu strategiya həm də ABŞ ilə Avropa arasında gələcəkdə təhlükəsizlik yanaşmaları üzrə fikir ayrılıqlarını dərinləşdirə bilər. Çünki Avropanın bir hissəsi terrorizmə daha çox sosial inteqrasiya və hüquq çərçivəsində yanaşmağa çalışdığı halda, Vaşinqton məsələyə getdikcə daha sərt təhlükəsizlik prizmasından baxır. Nəticədə NATO daxilində “terror təhlükəsinin mənbəyi nədir” sualı ətrafında yeni siyasi debatların yaranması mümkündür. ABŞ-ın bu sənədlə vermək istədiyi əsas mesaj isə budur: XXI əsrdə terrorizm artıq yalnız dini ekstremizm deyil, eyni zamanda sərhəd böhranı, transmilli cinayət şəbəkələri və radikal ideoloji qruplaşmaların birləşdiyi çoxşaxəli təhlükə modelidir.

Ruslan Zəngəzur ​​​​​​​

Seçilən
17
1
bakivaxti.az

2Mənbələr