AZ

"Bu hadisələr Amerikanın hegemonluq dövrünün yavaş-yavaş sona çatdığını göstərir" - Deputat

"Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında “Azadlıq layihəsi” əməliyyatının dayandırılması və İranla müvafiq razılaşmaya gəlməklə bağlı qərar verib. Bu, istənilən halda dünya üçün, müharibənin dayandırılması üçün müsbət xəbərdir. Çünki Hörmüz boğazı ətrafında gərginliyin davam etməsi daimi müharibə və eskalasiya riski demək idi ki, bu da qəbul edilə bilməzdi. Dünya artıq iqtisadi böhranla üzləşib və enerji təhlükəsizliyi ciddi risk altındadır. Hörmüz boğazı dünyanın enerji daşımalarının təxminən 1/5-nin keçdiyi bir məkandır; əgər burada blokada olsaydı, dünya iqtisadiyyatı ciddi zərər görərdi".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev Donald Trampın Hörmüz boğazında “Azadlıq layihəsi” əməliyyatının dayandırılmasından danışarkən bildirdi.

Müsahibimiz qeyd etdi ki, yayılan bir xəbərə görə ABŞ-nin bu əməliyyatı dayandırmasında əsas səbəb Səudiyyə Ərəbistanı və bəzi müttəfiqlərinin, məsələn, Küveytin Amerikanın öz hava məkanından və quru ərazilərindən istifadəsinə icazə verməməsi olub:

"Hörmüz boğazı ətrafında yaranmış vəziyyətdə Fars körfəzindəki əsas güc məhz Səudiyyə Ərəbistanıdır. Onların Amerikanın öz ərazisindən istifadəsini qadağan etməsi İrana qarşı əməliyyatın dayandırılmasını Amerikanı məcbur edib. Bu vəziyyət İranla danışıqların davamına imkan yaradır. Eyni zamanda bu hadisələr Amerikanın hegemonluq dövrünün yavaş-yavaş sona çatdığını göstərir. ABŞ artıq Səudiyyə Ərəbistanı tərəfindən məhdudlaşdırılır və "Sultan" hava bazası kimi strateji məkanlardan istifadənin qadağan olunması Amerikanın hərbi əməliyyatları davam etdirməsini çətinləşdirir".

Millət vəkilinin sözlərinə görə, bu prosesdə Çin də güclü şəkildə üzə çıxır:

"Məsələn, İranın xarici işlər naziri Əraqçinin Pekinə səfəri zamanı Amerika ilə İran arasında 14 bəndlik razılaşmanın ilkin maddələrinin əldə olunması və Trampın əməliyyatı dayandırması Çin faktorunun rolunu göstərir. Müharibədən sonra zəif tərəf kimi Amerika çıxır, güclü tərəf isə Çin olur. Çin artıq Yaxın Şərqdə, Hörmüz boğazında və İran vasitəsilə öz nüfuzunu artırır. Hətta ehtimal etmək olar ki, Çin bu situasiyanı körfəz ölkələrinə də mesaj kimi göndərir: əgər ABŞ-yə dəstək versəniz, sizin üçün də çətin olacaq. Əraqçinin Pekinə səfəri ilə bu ehtimallar güclənir. Beləliklə, Çin, İran və Pakistan vasitəsilə Yaxın Şərqdə güclü oyunçu kimi ortaya çıxır. Mayın ortalarında keçiriləcək Tramp-Si Cinpin görüşündə isə Çin artıq masada güclü tərəf olacaq və Amerika diktə dili ilə danışa bilməyəcək".

T.Gəncəliyevin fikrincə, görüş zamanı Çin Tayvan məsələsini açıq şəkildə qaldıraraq ABŞ və Qərbə ultimatum verə bilər:

"Hörmüz boğazındakı hadisələrdən sonra ABŞ artıq bu mövzuda maneə ola bilməyəcək. Tayvanın Çin ərazisinin tərkib hissəsi olduğu beynəlxalq hüquqla tanınır və Çin öz ərazi bütövlüyünü təmin etmək hüququna malikdir".

Xədicə BAXIŞLI

Seçilən
30
1
redaktor.az

2Mənbələr