AZ

Mədəniyyət xalqın böyük sərvətidir - sərgi

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində bu akademiyanın professor-müəllim heyətinin əsərlərindən ibarət “Mədəniyyət xalqın böyük sərvətidir” adlı sərgi və elmi tədbir keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə AZƏRTAC-a Rəssamlıq Akademiyasından məlumat verilib.

Akademiyanın rektoru, Xalq rəssamı, professor Natiq Əliyev akademiyanın məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və sərəncamı ilə yaradılmış mühüm təhsil ocaqlarından biri olduğunu söyləyib. Rektor akademiyada Ümummilli Liderə həsr olunmuş sərgilər, silsilə tədbirlər və onların ölkəmizdə təsviri incəsənətin inkişafına verdiyi töhfələrdən bəhs edib. O, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli-mədəni dəyərlərin qorunması və inkişafında əvəzsiz rol oynadığını xüsusi vurğulayıb.

Tədbir çərçivəsində dahi siyasi xadimin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Xalq yazıçısı Elmira Axundova “Liderliyin fenomeni” mövzusunda məruzə edərək Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O, 1990-cı illərdən başlayan tanışlıqlarından, sonradan əməkdaşlığa çevrilən münasibətlərindən, birgə iştirak etdikləri rəsmi səfərlərdən və beynəlxalq əlaqələrdən söz açıb. Yazıçı Ümummilli Liderin yüksək natiqlik qabiliyyətini, siyasi uzaqgörənliyini, cəsarətini və dövlət rəhbəri kimi müstəsna keyfiyyətlərini xüsusi qeyd edib. Bildirilib ki, Heydər Əliyev yaradıcı insanlara daim diqqət və qayğı ilə yanaşıb, milli mədəniyyətin inkişafına böyük töhfələr verib. Elmira Axundova qeyd edib ki, onun gərgin zəhmət hesabına ərsəyə gətirdiyi əsərlər Ulu Öndərin şərəfli ömür yolunu əks etdirir və bu nəşrləri akademiyanın kitabxanasına hədiyyə edəcək.

Daha sonra Azərbaycan Rəssamlıq Akademiyasının professor-müəllim heyətinin yaradıcılıq əsərlərindən ibarət sərginin açılışı baş tutub.

Sərgidə akademiyanın professor-müəllim heyətinə məxsus müxtəlif istiqamətləri əhatə edən əsərlər nümayiş olunub. Ekspozisiyada rəngkarlıq, heykəltəraşlıq, qrafika, keramika, bədii metal, maketlər, plakatlar, dekorativ-tətbiqi sənət nümunələri, eləcə də müxtəlif materiallar üzərində işlənmiş yaradıcılıq işləri yer alıb.

Tədbir çərçivəsində akademiyanın geyim dizaynı ixtisası üzrə təhsil alan tələbələrinin hazırladıqları yaradıcılıq işlərindən ibarət moda nümayişi də təqdim olunub. “Çiçəklən, doğma Azərbaycan” başlığı altında keçirilən defilədə 27 model nümayiş etdirilib. Moda nümayişi üç hissədən ibarət olub: xalça elementləri ilə zənginləşdirilmiş müasir geyimlər, cins parçadan hazırlanmış qurama nümunələr və avanqard üslubda dizayn edilmiş modellər. Təqdim olunan kolleksiyalar tələbələrin yüksək peşəkar hazırlığını və yaradıcı yanaşmasını əks etdirib. İştirakçı tələbələrin hər biri diplomlarla təltif olunublar.

Sərgi mayın sonunadək Azərbaycan Rəssamlıq Akademiyasının Muze-Sərgi Kompleksində davam edəcək.

Seçilən
22
1
azertag.az

2Mənbələr