AZ

Kreml Kiyevi vurmaqla hədələdi

Rusiya 9 May Qələbə günü tədbirləri ərəfəsində Kiyev şəhərində fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərə əməkdaşlarını və vətəndaşlarını təxliyəyə hazırlaşması barədə çağırış edib.

Moskvanın bu xəbərdarlığı Rusiya ilə Ukrayna arasındakı gərginliyin daha da artdığı bir vaxta təsadüf edir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna tərəfi mayın 9-da Moskvada keçiriləcək hərbi parad və tədbirləri hədəf alarsa, Rusiya ordusunun Kiyevə qarşı cavab zərbələri həyata keçirəcək.

“Əgər Kiyev qələbə tədbirləri zamanı terror planlarını həyata keçirməyə çalışarsa, Rusiya Silahlı Qüvvələrinin Kiyevdə qərar qəbuletmə mərkəzləri də daxil olmaqla cavab əməliyyatı keçirməsi qaçılmazdır”.

Rusiya hər il 9 mayda nasist Almaniyası üzərində qələbə münasibətilə Qırmızı meydanda genişmiqyaslı hərbi parad keçirir.

Moskva daha əvvəl 8-9 may tarixləri üçün Ukraynaya qarşı birtərəfli atəşkəs elan etmişdi. Lakin Rusiya Müdafiə Nazirliyi Kiyevin buna əməl etməyəcəyi təqdirdə çox sərt cavab veriləcəyini açıqlayıb.

Vladimir Zelenski isə Putinin məhz 9 may üçün atəşkəs istəməsini tənqid edərək, Kremlin Qırmızı meydan üzərində pilotsuz aparat hücumundan qorxduğunu bildirib.

Zelenski həmçinin Rusiyaya 9 may əvəzinə 6 maydan etibarən atəşkəs tətbiq etməyi təklif etmişdi.

Bu arada Latviya ordusu Rusiyadan hava məkanına daxil olan iki pilotsuz uçuş aparatının ölkənin şərq sərhəd bölgəsində qəzaya uğradığını açıqlayıb.

Latviya ordusunun məlumatına görə, hadisələr Ukraynadakı müharibə davam etdiyi müddətdə təkrarlana bilər. Hələlik PUA-ların Rusiya, yoxsa Ukraynaya məxsus olduğu dəqiqləşdirilməyib.

Andris Spruds yerli televiziya kanalına açıqlamasında aparatların Ukraynaya aid ola biləcəyini düşündüyünü bildirib.

PUA-lardan birinin Rezekne yaxınlığındakı neft anbarına düşdüyü və boş olan dörd çənə zərər vurduğu açıqlanıb.

Bəzi bölgələrdə təhlükəsizlik məqsədilə məktəblərdə dərslər müvəqqəti dayandırılıb.

Ekspertlər hesab edirlər ki, 9 May tədbirləri yaxınlaşdıqca Rusiya-Ukrayna xəttində həm hərbi, həm də siyasi gərginlik daha da yüksələ bilər.

Seçilən
20
vaxt.az

1Mənbələr