AZ

Toxumluq dənlərə toxunmaq olmaz! So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fazil Mustafa, millət vəkili:

- Biri cəhalətə, xurafata qarşı fikirlərini bəyənmədiyi siyasətçini güllələdi.

Biri dərs oxumağı tələb edən müəllimi güllələdi.

Biri yüzlərlə uşağın şəfa ümidi olan həkimi qumbara ilə partlatdı.

Bu birlər yavaş-yavaş bir-biri ilə birləşib biriləri olur. Cəmiyyətimiz öldürmək, güllələmək, partlatmaq arzusu ilə alışıb-yanan qatil birilərinin təhsilin, mədəniyyətin, elmin, idmanın, boşanmaların, düzənsiz yaşamın yaratdığı boşluqların üzərində dirçəlişini biganəliklə seyr etməkdədir.

Bu gün öz sahəsinin nadir mütəxəssisi olan millətin daha bir dəyərli həkim övladı həyatla qayıdış üçün ölüm-dirim savaşı verir. Hədsiz ağır, acı duyğular yaşayırıq. Eyni duyğuları savadlı, təcrübəli müəllimləri, həkimləri, sənət adamlarını, məmurları əməyini, biliyini, dövlət üçün fədakarlığını doğru dəyərləndirmədən öz işindən uzaqlaşdıranlar da bizlərə yaşadırlar. Axı bu millətin faydalı insanları elə də çox deyil. Bu millətin ziyalı elitası elə də zəngin deyil. Ayrı-ayrı sahələrdə mütəxəssislərimiz elə də çox deyil. Allah qıymasın, həkimimiz yaşama, övladlarının yanına qayıda bilsin, ancaq yenə də xəstələrə şəfa verə biləcəkmi? Deyirlər ümid azdı. Hər bir gərəkli, faydalı insanın itkisi bu millətin gücünün, iradəsinin zəifləməsi deməkdir.

Aqşin Yenisey, şair:

- "Xalq yazıçısının gəlininin dayısı qızı boşandı",

"Cəlilabadda şəhid anasının baldızı dünyasını dəyişdi",

"Xalq artistinin qardaşı oğlunun qayını həbs olundu",

"Məşhur iş adamının kirvəsi qəfil intihar etdi" və s. və ilaxır.

Sosiallaşan mediamız bu cür xəbər başlıqlarıyla vətəndaşlarımızı da sosiallaşdırır, onların tənhalığa qapılan cəmdəyini sürüyüb evdən çıxarır, sıraviləri günün, bəzən həftənin məşhuruna çevirir.

Əslində isə bu cür xəbər başlıqlarıyla media ictimai şüuru sıraviləşdirir. İnsanların siyasətdən, sənətdən, ədəbiyyatdan, təhsildən gözləntilərini bəsitləşdirir. Tüfeyli bir cəmiyyət obrazı yaradır.

Bu tüfeyli cəmiyyət də özünü tədbir görüntüləriylə mənalandırır. Orada tədbir, burada tədbir. Artıq tanınmağı, məşhurluğu haqq edən adamları da bu tədbirlərə sayılıb-seçilən sərgərdan kimi dəvət edirlər.

Sıraviləri məşhurlaşdıran media ən böyük zərbəni mədəniyyətə vurur. Çünki qısa müddətdə bu sıravilər ticarət mənşəli iqtisadiyyatımızın müştəri tutmaq üçün qarmağına keçirdiyi məşhur soxulcanlara çevrilirlər.

İqtisadiyyat nəyi dəstəkləyirsə, cəmiyyəti də ona tabe olmağa məcbur edir. Bu gün istər qlobal, istər milli məkanda neqativ nə varsa, hamısının arxasında iqtisadiyyat dayanıb.

Hətta dinlər də - musəvilik olsun, xristianlıq olsun, islam olsun - dövrünün iqtisadi imkanlarını ələ keçirmək cəhdləri idi. Məsələn, manixeizm iqtisadi perspektiv vəd etmirdi deyə yaşaya bilmədi. Alman baronlar Vatikana vergi vermək istəmirdilər deyə Lüteri qorudular, lüteranizmi dəstəklədilər və s.

İndi görün, Xalq yazıçısının gəlininin dayısı qızının boşanması, məşhur iş adamının kirvəsinin qəfil intihar etməsi xəbəri hansı milli müsibətlərə yol açır.

Fərid Pərdəşünas, texnobloger:

- Türkiyənin müdafiə sənayesi sahəsində ciddi irəliləyiş əldə etdiyini bilirdim, amma bu qədərini də təsəvvür etmirdim.

ASELSAN-ın dəvəti ilə ilk dəfə SAHA 2026 Beynəlxalq Müdafiə və Kosmik Sənaye sərgisində media nümayəndəsi olaraq iştirak edirəm.

Adamlar Türkiyə müdafiə sənayesinin beynidir sanki. Elektron sistemlər, radarlar azmış kimi, "Kılıç" və "Tufan" adında sualtı və suüstü insansız kamikadze qayıqları da təqdim etdilər.

Bu gün də ASELSAN tərəfindən Türkiyənin "Steel Dome" (Polad Qübbə) hava hücumundan müdafiə qatının yeni cihazları təqdim olundu. Sabah onlar haqqında geniş video bölüşəcəm. Aralarında "EJDERHA 200" kimi antidron sistemi də yer alır. Hansı ki, dronları birbaşa elektromaqnit dalğası ilə məhv edə bilir.

Bir sözlə, Türkiyə müdafiə sənayesi çox sürətli inkişaf yolu keçərək artıq dünyaya səs salan sistemlər təqdim edir. Təbii ki, qardaş ölkənin belə inkişafı bizi də sevindirməyə bilməz.

Səadət Məmmədova, jurnalist:

- Bu gün səhərdən Milli Onkologiya Mərkəzinin bütün korpuslarının girişində Asif doktorun kədərli vida guşəsi yaradılıb... Hər yerdə şəkillərindən son dəfə xəstələrinə boylanır... Təkcə xəstəxana heyəti yox, xəstələrin də çoxu yaxınlaşıb ehtiram bildirir...

Hadisədən bir gün əvvəl şüa şöbəsində idim, anamı gözləyərkən hər detalı müşahidə edirdim. Bir ucaboylu, yaraşıqlı həkim tələbələri şöbədə gəzdirir, avadanlıq və radioloji fəaliyyətlə tanış edirdi. Ürəyimdə düşündüm ki, necə mədəni davranır gənclərlə, əhsən... Hər müəllim tələbənin yanına özü düşüb gəzdirmir, köməkçilərdən kiməsə tapşırır...

Ertəsi gün partlayış hadisəsi baş verəndə həmin həkimin xəsarət alması xəbəri yayıldı. Fotodan tanıdım.

Günlərlə oraya gedib gələrkən hamının onun üçün dua etdiyinin şahidiyəm.

Dünən bir həkimin qapısının önündə gözləyəndə xanım pasiyent dedi ki, Asif doktorun xəstələrini bölüblər başqa həkimlərin arasında. "Allah mənim həkimimə acil şəfa versin, qayıdıb özü müalicəmə davam eləsin, o qədər yaxşı həkimdir ki, ondan başqasına sanki ürək qızdıra bilmirəm" dedi və doktorunun sağalıb qayıtmasına o qədər ürəkdən dua etdi ki... Kaş ki, dualar qəbul olunaydı...

Bu gün MOM-da şüa şöbəsinin texniklərin, qeydiyyat şöbəsinin qızları, bütün həkimlər yas içindədir, bəzisi dindirən kimi ağlayır... Deyirlər ki, "Asif doktor elə bir həkim idi və elə bir insan idi ki, onun itkisi bizi dərindən sarsıdıb. Yol pulu olmayan xəstəyə cibindən pul verdiyinin dəfələrlə canlı şahidi olmuşuq. Heyif ondan... Ən çətin xəstələri ona verirdilər, hətta penitensiar xidmətdən gətirilənlərə də o baxırdı, heç vaxt heç kəsin qəlbini qırmazdı, hər kəsin müalicəsinə yüksək səviyyədə yanaşardı. Ona görə də sosial şəbəkələrdə onun haqqında bəzi yazılarlar doktorun ölümü qədər bizi üzür, heç biri həqiqət deyil... Vallah onun haqqında ancaq yaxşı sözlər demək mümkündür. Bilirsiniz necə yaxşı müəllim idi, rus və ingilis dillərini əla bildiyi üçün xarici tələbələrə də dərs deyirdi və s."

Asif doktorun həyat yoldaşı da həkimdir və MOM-da çalışır. İki qız övladı qalıb... İşçilər deyir ki, kiçik qızı heç onsuz qalmırmış... İndi necə alışacaq bu itkiyə...

Kluar söhbətlərinə görə, hadisəni törədən şəxs adekvat biri olmayıb, çətin xarakterli insan imiş, heç qazi də deyil...

Kimliyindən asılı olmayaraq, bir insanın həyatına öncədən xüsusi hazırlıq görərək qəsd etmək anormallıqdır, normal psixoloji durumun təzahürü deyil mənim fikrimcə... Həkimə xüsusilə... Bir yaxşı həkim bir yaxşı zabit, bir yaxşı müəllim kimi illərlə yetişir, illərlə formalaşır, onları sadəcə oxuduqları nəzəriyyə yox, gördükləri, sağaltdıqları, hətta sağalda bilmədikləri xəstələr yetişdirir, peşəkarlaşdırır. Həkim Allah deyil, amma mən həmişə hesab etmişəm ki, həkim yeganə peşə sahibidir ki, Allahın yerdəki nümayəndəsidir. Çünki Allahın verdiyi canı ona əmanət edirik. Bir yaxşı həkimin ölümü alimin ölümü kimidir, o öləndə aləm ölür... Gör nə qədər xəstə ondan şəfa gözləyirdi... Bəlkə onlardan neçəsinin şəfası məhz Asif doktorun əlindən olacaqdı... Təəssüf...

Allah bu cavan həkimə rəhmət eləsin... Nur içində uyusun...

(Xüsusi qeyd: mən xəstələrlə çox kobud, mədəniyyətsiz, hətta amansız davranan həkimlər də görmüşəm. Yaxşı həkim olsalar da, davranışları dözülməzdir. Hətta 3 il əvvəl özəl klinikada işləyən bir onkoloq sadə bir suala görə məni sərt bir şəkildə otağından qovmuşdu... Bu haqda nə vaxtsa yazacağam. Amma tibb personalı və xəstələrin dərin üzüntüsündən Asif doktorun böyük ehtiramla xatırlandığını gördüm deyə bu postu yazdım.)

Alpay Azər, yazıçı:

- "Politico", "Axios" və başqa ciddi Qərb saytları aylardır, Rusiyanın yaxın illərdə Qərbi Avropaya, ilk növbədə Baltikyanı ölkələrə hücum edəcəyi xəbərlərini tirajlayır. Açığı, ha fikirləşirəm, məntiqi tam tuta bilmirəm. 5 ilə yaxındır Ukrayna üzərində qələbə çala bilməyən, iqtisadi baxımdan zəifləyən Rusiya belə bir riskə gedə bilərmi? Sonra 1918-20-ci illərdə indikiylə müqayisədə qat-qat zəif olan bolşevik Rusiyasının dirçəlməsi, SSRİ-nin yaranması, İkinci Dünya müharibəsi nəticəsində Mərkəzi, Şərqi Avropanı tutması yadıma düşür. Sonra fikirləşirəm ki, tarix eyni cür təkrarlanmaya da bilər.

Bu xəbərlər ya Qərbin dezinformasiyasıdır, məqsədləri ola bilsin, Qərbi Avropanın silahlanmasının ideya və ictimai bazasını formalaşdırmaqdır. Ya da Rusiya bu tipli xəbəri Qərb mətbuatına ötürür, məqsədisə başqadır. O başqa nədir, hələ ki bilmirəm...

Nigar Sabirqızı, jurnalist:

- İran yenə BƏƏ-yə zərbələr endirir. Müharibə yenidən başlayır, deyəsən. Gözlənilən idi. İranın məqsədi bölgəni xaosa çevirməkdir. Özünü islamın keşikçisi hesab edən İran yenə müsəlman ölkələrini hədəf alır. Niyə İsrail yox, BƏƏ? Bəlkə həm də ona görə ki, İrandan fərqli olaraq, BƏƏ sivil və zəngin ölkədir? Baxaq, Tramp hansı addımı atacaq. Bunun bir sonu olmalıdır. 

Azər Cabbarov, jurnalist:

- Bu gün "Baku Ecspoo Centre"də sərgidən çıxan insanlar maşınlarına oturan kimi qlamur adam maskasını dərhal çıxarıb əsl trafik canavarına çevrildilər. Siqnal verə-verə, bir-birilərinə yol vermədən, hamıdan əvvəl qapıdan çıxmağa çalışırdılar. Nəticədə çıxışın qabağında əsl mərəkə başladı. Tıxacı yaradan sürücülər indi də narazı halda əllərini siqnaldan götürmədən pəncərədən bağırışırdılar. 5 dəqiqə əvvəl bu insanları sərgidə görsəydiniz... Mədəniyyətinə, xarizmasına həsəd aparılacaq adamlar idilər. Görünən budur ki, bu rolu oynamağa sadəcə bir neçə saat gücləri çatdı... Sonra, küçəyə çıxan kimi yenə özlərinə qayıtdılar. Mədəniyyətsiz, cahil, qaragüruh kütləyə dönüşdülər. Biz nədən belə olduq?

Elşən Əzim, şair:

- Harada bir təbiət gözəlliyi tanıyırıqsa, tez ora bir manqal aparıb qoyuruq. Sonra həmin yerdə manqalların sayı artır, sonra o yerə kimsə sahib çıxır. Beləcə, ölkənin ən gözəl yerləri kababxanaya çevrilir. Məncə, kabab sevgimiz ibtidai yaddaşımızın qalığıdır. Ulu babalarımız yanmış heyvanın ətini yeyəndə anladı ki, əti bişirib yemək daha dadlı olur. Sonralar bəşəriyyət, elə xalqımız da müxtəlif yeməklər icad etdi, zəngin mətbəx yaratdı, ancaq kabab eşqi yaddaşımızdan silinmədi.

Olmazmı ki, bir təbiət qoynuna gedəndə özümüzlə evdən yemək aparaq, sonra da qalıqlarını apardığımız çantaya yığıb geri qayıdaq və evimizin yaxınlığındakı zibil qutularına ataq?

Biz sanki dağa, dənizə, çölə, çəmənə gəzməyə getmirik, yeməyə, içməyə gedirik.

Alqış Musayev, jurnalist:

- Acgöz, acgödən, cibgüdən, görməmiş məmurların diqqətinə:

"Akademik Vavilovun rəhbərliyi ilə Leninqradda (indiki Sankt-Peterburqda) taxıl növlərinin mərkəzi yaradılmış, İkinci Dünya müharibəsi illərində kisələrə toplanmış buğda növlərinin qorunması və tədqiqi 14 nəfər alimə tapşırılmışdı.

Gündə 100-125 qram çörək payı ilə dolanan bu alimlərin çoxu acından ölmüş, amma taxıl növlərinə toxunmamışlar..."

Toxumluq dənlərə toxunmaq olmaz!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
525.az

1Mənbələr