AZ

Dərnəgülə 10 dəqiqəyə çatacayıq ADY rəsmisindən açıqlama

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı şəhərində sərnişin axınının balanslaşdırılmasına və mərkəzdə yüklənmənin azaldılmasına töhfə verəcək növbəti mühüm addım atılıb, bu gündən Dərnəgül dəmiryol dayanacağı istifadəyə verilib.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarında Sərnişindaşımalar departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, layihə AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilib:

“Bakı–Xırdalan–Sumqayıt xətti üzərində inşa edilən Dərnəgül dayanacağı sərnişinlərin təhlükəsizliyini və rahatlığını maksimum səviyyədə təmin etmək üçün ən müasir infrastruktur standartlarına və tam inklüzivlik prinsiplərinə uyğun layihələndirilib. Dayanacaq ərazisində 2 turniket binası, o cümlədən 2 gözləmə zalı, 4 platforma və 1 piyada üst keçidi tikilib, abadlıq və yaşıllaşdırma işləri görülüb. Sərnişin axınının operativ idarə olunması məqsədilə Bakı istiqaməti üzrə zalda 11, Sumqayıt istiqaməti üzrə zalda 10 turniket, eləcə də hər zalda 1 ədəd olmaqla, fiziki imkanları məhdud şəxslər və uşaq arabası ilə olan valideynlər üçün xüsusi geniş keçidli turniket quraşdırılıb. Həmçinin layihə çərçivəsində Sumqayıt istiqamətində avtomobil və velosiped parkinqi sahələri yaradılıb”.

A.Fərəcov qiymətlər və gediş müddəti barədə də məlumat verib:

“Bakı–Dərnəgül, Dərnəgül–Biləcəri və Dərnəgül–Xırdalan istiqamətləri üzrə gediş haqqı 0.60 AZN, Dərnəgül–Sumqayıt istiqaməti üzrə isə 1.00 AZN təşkil edəcək.

Qatarlar Bakı Dəmiryol Vağzalından Dərnəgül dayanacağına və əks istiqamətə məsafəni 10 dəqiqə, Dərnəgül–Biləcəri və Biləcəri–Dərnəgül üzrə 8 dəqiqə, Dərnəgül–Xırdalan və Xırdalan–Dərnəgül istiqaməti* üzrə məsafəni isə 15 dəqiqəyə qət edəcək. 

Dərnəgül dayanacağında digər ictimai nəqliyyat növlərinə inteqrasiya olunmuş asan transfer imkanlarının yaradılması sərnişin axınının birbaşa mərkəzə yönəlməsinin qarşısını alaraq Bakı Dəmiryol Vağzalı və “28 May” metro stansiyası ərazisindəki yüklənməni, xüsusilə pik saatlarda müşahidə olunan nəqliyyat və piyada sıxlığını əhəmiyyətli dərəcədə azaldacaq, eyni zamanda, ictimai nəqliyyat şəbəkəsində balansı gücləndirərək vətəndaşların vaxtına qənaət etməklə paytaxt üzrə ümumi mobilliyi və əlçatanlığı artıracaq. Belə ki, Bakının mikrorayonları, Yasamal rayonu, o cümlədən “İnşaatçılar” və “20 Yanvar” metro stansiyaları istiqamətində hərəkət edən sərnişinlər artıq Bakı Dəmiryol Vağzalına, yəni şəhər mərkəzinə gəlmədən, Dərnəgül dayanacağında düşərək yaxınlıqda yerləşən eyniadlı metro stansiyası və avtobuslarla səfərlərini rahat və operativ şəkildə davam etdirə biləcəklər. 

İlk dövrlərdə dayanacaqda illik 200 min sərnişinə xidmət göstəriləcəyi proqnozlaşdırılır. 2030-cu ilədək yeni qatarların istismara verilməsi ilə bu göstəricinin 500 min sərnişinə qədər artacağı gözlənilir.

Beləliklə, Dərnəgül dayanacağının istifadəyə verilməsi ilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə stansiya və dayanacaqların sayı 15-ə çatıb. Bu strateji layihənin tamamlanması Dərnəgül ərazisində yaşayan və işləyən əhali üçün komfortlu və sürətli nəqliyyat imkanları yaratmaqla yanaşı, paytaxtın ümumi nəqliyyat sisteminin təkmilləşdirilməsinə böyük töhfə verəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
15
modern.az

10Mənbələr