AZ

Xalı-xalçalı İçərişəhər

Qədimdən Azərbaycanda xalça, sadəcə, məişət əşyası hesab edilməyib. Ulularımız hər xalçaya böyük bir sənət əsəri kimi baxıblar, hər ilməsini düşünərək toxuyublar. Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan, qədim və zəngin tarixə malik xalçaçılıq sənəti xalqımızın yaşam tərzini, arzularını, düşüncələrini, xəyallarını əks etdirib. 

Mədəniyyət tariximizdə möhtəşəm yeri olan bu sənətə, onun dəyərli nümunələrinə, inkişafına və dünyada tanıdılmasına Azərbaycan dövləti diqqətlə yanaşır, qayğı göstərir. Ölkəmizin paytaxtında fəaliyyət göstərən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin fondlarında müxtəlif növ çeşnidə xalçalar saxlanılır. Bakıda orijinal memarlığı ilə seçilən Xalça Muzeyi binası inşa olunub. Azərbaycan mədəniyyətinin təbliğində böyük layihələr reallaşdıran Heydər Əliyev Fondunun fəaliyyətinin bir istiqaməti də bu sahənin inkişafına yönəldilib. Görülən işlərin nəticəsində 2010-cu ildə Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında Azərbaycan xalçaçılıq sənəti bu mötəbər qurumun Ümumdünya Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilib.

Hər il mayın 5-i ölkəmizdə Xalçaçı Günü kimi qeyd olunur. Xalçaçıların peşə bayrmında müxtəlif tədbirlər təşkil edilir. Bakıda Beynəlxalq Xalça Festivalının keçirilməsi də artıq ənənəyə çevrilib. Bu il də respublikamızın paytaxtı mayın 1-3-də Beynəlxalq Xalça Festivalına evsahibliyi edib. Onu da diqqətə çatdıraq ki, Azərbaycan xalçaçılarının peşə bayramı - Xalçaçı Gününə həsr olunan Beynəlxalq Xalça Festivalı bu il həm də "Azərxalça" ASC-nin 10 illik yubileyi ilə üst-üstə düşüb.

"Azərxalça" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun dəstəyi ilə təşkil olunan festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnmək idi. Azərbaycanın, bir sıra ölkələrin xalçaçıları, istehsalçıları, sənət adamları və mütəxəssislərin iştirak etdikləri festivalın proqramı olduqca maraqlı, zəngin və rəngarəng olub. Festivalda xalçaçılıq sənətinə dair eksklüziv sərgilər, ustad dərsləri, konsert proqramları və uşaqlar üçün xüsusi maarifləndirici tədbirlər təşkil edilib.

Festival günlərində İçərişəhərin qədim küçə və meydanları bayram ovqatına bürünmüşdü. Qədim Buxara və Multani karvansaraları, Qoşa Qala meydanı və digər məkanlar xalça sərgilərinə, ustad dərslərinə, interaktiv teatr tamaşalarına və konsert proqramlarına məkan olmuşdu. 19 ölkənin nümayəndəsinin təmsil olunduğu festivalda Azərbaycan da daxil olmaqla 14 dövlətin milli pavilyonu qurulmuşdu. 

Beynəlxalq Xalça Festivalının keçirildiyi günlərdə İçərişəhər "Azərxalça" ASC-nin 500 əl işi xalçası ilə al-əlvan görünürdü. Minlərlə həm yerli, həm də xarici qonaq iki gün ərzində bu təkrarsız gözəllikdən yetərincə zövq aldı.

.

Zöhrə FƏRƏCOVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Seçilən
10
azerbaijan-news.az

1Mənbələr