Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası (RETK) müxtəlif qurumlar və ali təhsil müəssisələri ilə əlaqələrini ildən-ilə genişləndirir. Bu əlaqələr nəticəsində kitabxanaya daxil olan nəşrlər RETK-nın fondunun zənginləşməsində əhəmiyyətli rol oynayır.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, bu günlərdə Azərbaycan Mühəndislik Akademiyasının üzvləri tərəfindən nəşr olunmuş bir sıra elmi-texniki monoqrafiya, dərslik və dərs vəsaitləri təmənnasız olaraq kitabxanaya təqdim edilib. Bu da iki qurum arasında faydalı əməkdaşlığın daha da genişləndirilməsi kimi dəyərləndirilə bilər.
Kitabxanaya təqdim olunan nəşrlər Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının sədri Əməkdar elm xadimi, Azərbaycan elminin və təhsilinin inkişafına böyük töhfələr vermiş akademik Arif Paşayev, Milli Aviasiya Akademiyasının Nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti professor Əhəd Canəhmədov və digər müəlliflərin birgə qələmə aldıqları Azərbaycan, türk, rus və ingilis dillərində 6 adda kitabdan və ümumilikdə 34 adda 59 nüsxə ədəbiyyatdan ibarətdir.
RETK-ya təqdim olunan həmin nəşrlər kitabxananın fondunu zənginləşdirməklə yanaşı, aviasiya, elm və texnika sahəsində çalışan mütəxəssis və tədqiqatçılar, müvafiq sahə üzrə təhsil alan tələbələr və ümumilikdə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.